"Hazırda dünya əhalisinin üçdə ikisi özünü təcrid edib və buna görə də yanacaqdoldurma məntəqələrinə tələbat, hava limanlarında kerosin istehlakı və neft emalı zavodlarına yükləmə həddindən çox azalıb":
“Report”un məlumatına görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak “Qazeta.ru” saytına müsahibəsində bildirib.
O qeyd edib ki, hazırda gündəlik tələbat 100 milyon bareldən bəzi hesablamalara görə 70-80 milyon barelə düşüb, yəni 20-30 milyon barel azalıb".
Nazirin sözlərinə görə, bununla belə, bu rejimin nə vaxt bitəcəyi, iqtisadiyyatların hansı sürətlə bərpa ediləcəyi və müvafiq olaraq məhdudlaşdırıcı tədbirlərin qaldırılacağı və tələbin artacağı hələ məlum deyil.
"Məncə, aprel ayı bəlkə də bütün neft sənayesi tarixində ən ağır ay olacaq",- deyə Novak bildirib. O, hətta neft-kimya məhsullarının daha az neft istehlak etməyə başlamasına diqqət çəkib. "Praktiki olaraq bütün dünyada insanlar evlərində özünü təcrid edib və özlərinin istehlakçı vərdişlərini əhəmiyyətli dərəcədə dəyişdiriblər, tikinti və avtomobil sənayesi kimi neft-kimya məhsullarının istehlak seqmentləri də azalıb",- Rusiya Energetika Nazirliyinin rəhbəri bildirib.