Neft korreksiya səbəbindən ucuzlaşıb

Energetika
  • 25 avqust, 2021
  • 07:53
Neft korreksiya səbəbindən ucuzlaşıb

İki ticarət sessiyası ərzində 3-5 %-lik bahalaşmadan sonra dünya bazarlarında neft korreksiya səbəbilə 2 %-dək ucuzlaşmağa başlayıb.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:07-yə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin noyabr fyuçersləri 0,62 % ucuzlaşaraq, 1 bareli 69,97 ABŞ dollarına, oktyabr fyuçerslərinin qiyməti isə 0,56 % düşərək, 1 bareli 70,65 ABŞ dollarına satılıb. "WTI" neftinin sentyabr fyuçersləri 0,56 % ucuzlaşaraq, 1 bareli 67,16 ABŞ dolları təşkil edib.

Son bir neçə gün ərzində COVID-19 virusunun yayılma templərinin azalması ilə əlaqədar olaraq neft bazarında müsbət əhval-ruhiyyə müşahidə olunub. Dünyanın ən böyük neft idxalçısı olan Çində “delta” ştamına bir yoluxma halının belə qeydə alınmaması ilə bağlı mətbuatın yaydığı məlumat da buna təsirsiz ötüşməyib.

Bundan başqa, treyderlər Amerika Neft İnstitutunun (API) ABŞ-dakı neft ehtiyatları ilə bağlı məlumatlarına xüsusi diqqət ayırırlar. Belə ki, avqustun 20-dək olan həftə ərzində ABŞ-da neft ehtiyatları 1,62 milyon barel azalıb. Analitiklər isə ehtiyatların 2,37 milyon barel azalacağını güman edirdilər.

ABŞ-ın Energetika Nazirliyi tərəfindən neft ehtiyatları ilə bağlı bu gün açıqlanacaq rəsmi stastistikada 2,4 milyon barel azalmanın elan olunacağı gözlənilir.

Son xəbərlər

Bütün Xəbər Lenti