Neft Fondu AÇG-dən gəlirlərini 96 % artırıb
- 19 aprel, 2022
- 09:06
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 1 milyard 866 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
Bu barədə “Report”a Fonddan məlumat verilib.
Bildirilir ki, bu, ötən ilin yanvar-mart ayları ilə müqayisədə 912,502 milyon ABŞ dolları və yaxud 95,7 % çoxdur.
Xatırladaq ki, 2021-ci ilin yanvar-mart aylarında ARDNF-in AÇG-dən əldə etdiyi gəlirlər 953,498 milyon ABŞ dolları təşkil edib.
AÇG yatağı fəaliyyətə başladığı 2001-ci ildən bu günə qədər isə yataqdan əldə edilən ümumi gəlirlərin həcmi 157,239 milyard ABŞ dolları təşkil edib.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.