“Xəzər dənizinin, xüsusən də onun Şimal hissəsinin inanılmaz dərəcədə böyük külək potensialı mövcuddur. Beynəlxalq qurumlar bunu 157 GVT proqnozlaşdırırlar. Müqayisə üçün onu deyim ki, bu, Azərbaycanda mövcud olan enerji potensialından 20 dəfə çoxdur”.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında energetika nazirinin müavini Elnur Soltanov deyib.
"Xəzərin küləyi əlverişlilik baxımından dünyada II yerdədir. I yerdə Şimal dənizindəki küləkdir. Həmişə neft-qaz mənbəyi kimi gördüyümüz bu dəniz Azərbaycan iqtisadiyyatına inanılmaz töhfələr verdiyi kimi, "yaşıl enerji" istiqamətində də yeni töhfələr verə bilər.
Bilirsiniz ki, Azərbaycanın dünya okeanına birbaşa çıxışı yoxdur. Xəzərdə qurulacaq turbinlər üçün tələb olunan pərlərin uzunluğu 90 metrdir. Bu da dəniz yolu ilə daşınmalıdır və yalnız Volqa-Don kanalı vasitəsi ilə mümkündür. Ya da onlar ölkədə istehsal olunmalıdır. Onu da qeyd edim ki, dəniz küləyindən enerji quru küləyinə nisbətən baha başa gəlir. İnvestorlar əlavə xərclərin ödənilməsini istəyirlər. Təbii ki, tariflərin yüksəlməsi heç vaxt həll yolu ola bilməz. Dövlətin subsidiyası məsələsi gündəmə gəlir. Bunu da variant kimi görmürük. Ona görə daha yaradıcı imkanlarla bu qiymət məsələnin həlli mövzusuna baxırıq.
Mənə elə gəlir ki, uzunmüddətli perspektivdə külək enerjisi potensialı reallaşacaq. Amma biz indidən pilot səviyyədə də olsa layihələr həyata keçirməyi düşünürük ki, vaxtı gələndə və qiymətlər daha əlverişli olanda hazır olaq”, - deyə o, qeyd edib.