Naxçıvan-İğdır qaz kəmərinin inşasına bu il başlanılacaq

Energetika
  • 18 yanvar, 2022
  • 05:55
Naxçıvan-İğdır qaz kəmərinin inşasına bu il başlanılacaq

Türkiyənin İğdır şəhərindən Naxçıvan Muxtar Respublikasına təbii qaz tədarük edəcək Naxçıvan-İğdır qaz boru kəmərinin inşasına bu il başlanılacaq.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən məlumat verir.

Bildirilir ki, ümumi dəyəri 185 milyon türk lirəsi təşkil edən qaz kəməri layihəsinin inşasına bu il 100 milyon lirə investisiya yatırılacaq. Boru kəmərinin inşasını Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin BOTAŞ şirkəti həyata keçirəcək.

Bildirilir ki, muxtar respublikaya fasiləsiz təbii qaz verilişini təmin etmək üçün boru kəməri xətlərinin döşənməsinə bu il start veriləcək.

Məlumata görə, Türkiyənin 2022-ci il üçün İnvestisiya Proqramında layihə üçün 100 milyon türk lirəsi nəzərdə tutulub, qalan vəsait isə gələn il reallaşdırılacaq. Beləliklə, 82 kilometrdən ibarət olacaq boru xətti üçün 2024-cü ilə qədər cəmi 185 milyon türk lirəsi investisiya məbləği təyin olunub.

Bundan başqa, layihə çərçivəsində İğdırın Dilucu bölgəsində də bir ölçmə (kompressor) stansiyası qurulacaq. 20 min kvadrat metr böyük bir sahədə inşa ediləcək stansiya xəttin axın balansını təmin edəcək. Bununla da, təbii qaz ən təhlükəsiz şəkildə Naxçıvana çatdırılacaq.

Xatırladaq ki, bu il yanvarın 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan-İğdır qaz boru kəməri layihəsinin həyata keçirilməsi üçün lazımi tədbirlərin görülməsi barədə qərar verib.

2020-ci ilin dekabrın 15-də Ankarada Azərbaycanın Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan tərəfindən energetika naziri Pərviz Şahbazov, Türkiyə tərəfindən isə energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıb.

Qeyd edək ki, memoranduma əsasən, bu sənəd Naxçıvanın təbii qazla təminatı üçün strateji əhəmiyyət daşıyır. Hər iki ölkənin şirkətlərinin – SOCAR və BOTAŞ-ın təbii qazın tədarükü ilə bağlı texniki, ticari, inzibati, hüquqi və digər məsələlərdə əməkdaşlığına təminat verir. Türkiyədən Naxçıvana qaz tədarükü qaz təchizatını şaxələndirəcək və enerji təminatının etibarlılığını artıracaq. Naxçıvan həm İrandan, həm də Türkiyədən dəstək almaqla artan enerji tələbatını tam təmin edə biləcək.

İğdır-Naxçıvan qaz kəməri 500 min nəfər əhalisi və illik 500 milyon kubmetr təbii qaz tələbatı ilə Naxçıvana qaz nəql ediləcək. Bu boru kəməri ilə gündəlik olaraq 1,5 milyon kubmetr qaz nəql etmək həcminə malik olacaq ki, bununla da Naxçıvanın qaz tələbatı tamamilə ödəniləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti