“Moody's”: SOCAR orta və uzunmüddətli perspektivdə sabit neft-qaz hasilatı gözləyir
- 12 iyul, 2025
- 11:45
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) orta və uzunmüddətli perspektivdə sabit karbohidrogen hasilatı həcmlərini gözləyir.
“Report” xəbər verir ki, bu barədə “Moody's” beynəlxalq reytinq agentliyinin SOCAR ilə bağlı yeni reytinq bəyanatında deyilir.
Agentlik qeyd edir ki, 2024-cü ilin sonuna neft və qaz hasilatının müvafiq olaraq 3,8 % və 8,3 % azalması narahatlıq doğurur. “Lakin şirkət bu azalmanı əməliyyat göstəricilərinin təbii qısamüddətli dəyişkənliyi kimi qiymətləndirir və orta və uzunmüddətli perspektivdə sabit istehsal həcmlərini gözləyir”, - “Moody's”dən vurğulayıblar.
Agentlik qeyd edir ki, SOCAR neft və qaz hasilatını dəstəkləmək məqsədilə kəşfiyyat və hasilat sektorunda beynəlxalq genişlənməyə başlayıb və 2024-cü ildə SARB, “Umm Lulu”, “Bin Nasher” və “Al Bateel” ofşor konsessiyası çərçivəsində BƏƏ-də neft hasilatı layihəsində 3 % payın ADNOC-dan alınması, eləcə də İsrail şelfində “Tamar” qaz yatağının işlənməsi layihəsində 10 % payın əldə edilməsinə dair sövdələşmə bunu sübut edir.