Mərkəzi Asiyanın “yaşıl enerjisi”: Azərbaycan, Qazaxıstan və Özbəkistan Avropanın enerji landşaftını dəyişir

Mərkəzi Asiyanın “yaşıl enerjisi”: Azərbaycan, Qazaxıstan və Özbəkistan Avropanın enerji landşaftını dəyişir Geosiyasi təlatümlərin baş verdiyi bir zamanda Avropanın enerji landşaftını dəyişdirə biləcək yeni ittifaq yaranmaqdadır. Təbii ehtiyatlarla zəngin və iddialı planları olan Azərbaycan, Qazaxıstan və Özbəkistan Avropaya “yaşıl enerji” ixrac etmək üçün gücl
Energetika
1 May , 2024 20:58
Mərkəzi Asiyanın “yaşıl enerjisi”: Azərbaycan, Qazaxıstan və Özbəkistan Avropanın enerji landşaftını dəyişir

Geosiyasi təlatümlərin baş verdiyi bir zamanda Avropanın enerji landşaftını dəyişdirə biləcək yeni ittifaq yaranmaqdadır. Təbii ehtiyatlarla zəngin və iddialı planları olan Azərbaycan, Qazaxıstan və Özbəkistan Avropaya “yaşıl enerji” ixrac etmək üçün güclərini birləşdirir.

Bu gün Daşkənddə keçirilən görüşdə adıçəkilən ölkələrin iqtisadiyyat və energetika nazirləri Mərkəzi Asiyanın günəş və külək elektrik stansiyalarından alınan “təmiz” elektrik enerjisinin körpü rolunu oynayacaq Azərbaycan ərazisindən keçməklə Avropaya nəqli perspektivlərini müzakirə ediblər.

Bu layihə Avropanın enerji mənbələrini diversifikasiya etməklə yanaşı, iştirakçı ölkələr arasında iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açır. Bu gün imzalanmış Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin qarşılıqlı əlaqəsi üzrə Əməkdaşlıq Memorandumu enerji səmərəliliyini artıra və “yaşıl” iqtisadiyyatın artımını stimullaşdıra bilən inteqrasiya olunmuş regional şəbəkənin yaradılması istiqamətində mühüm addımdır.

Zəngin neft və qaz ehtiyatlarına malik Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayır. Lakin ölkənin bərpa olunan enerji mənbələrinin inkişafı üçün də böyük potensialı var. Uran hasilatında lider olan Qazaxıstan da günəş və külək stansiyaları tikmək üçün öz geniş çöllərindən istifadə edərək “yaşıl” enerji mərkəzinə çevrilməyi hədəfləyir. Artan iqtisadiyyatı və iddialı inkişaf planları olan Özbəkistan isə “yaşıl” enerjiyə dayanıqlı gələcəyin açarı kimi baxır.

Xəzər dənizində külək sayəsində enerji istehsalı üçün böyük potensial var, bu, təxminən 157 QVt təşkil edir və bu, böyük – Azərbaycanın tələbatını xeyli üstələyən həcmdir.

Gözləntilərə gəlincə, Azərbaycan bərpa olunan enerji mənbələrinin (BOEM) ölkənin enerji balansındakı payını 2026-cı ilədək 24 %-ə, 2028-ci ilə qədər isə 30 %-ə çatdırmağı planlaşdırır. Ölkənin BOEM-inin iqtisadi potensialı 27 QVt, o cümlədən külək enerjisi - 3 min MVt, günəş enerjisi - 23 min MVt təşkil edir.

Qazaxıstan 2025-ci ildə ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payını 6 %-ə, 2030-cu ilə qədər 10 %-ə çatdırmağı planlaşdırır, 2050-ci ilə qədər isə BOEM ümumi enerji istehlakının azı yarısını təşkil etməlidir. Qazaxıstanın külək potensialı ildə 1 trilyon 820 milyard kilovat/saatdan çoxdur, günəş enerjisi isə 1 trilyon kilovat/saatdır.

Özbəkistan hökuməti 2030-cu ilə qədər ümumi elektrik enerjisi istehsalında BOEM-in payını 25 %-ə çatdırmağı hədəfləyir. Ölkədə külək enerjisinin potensialı 520 QVt, günəş enerjisinin potensialı isə 2 trilyon 058 milyard kVt təşkil edir.

Bu potensialı nəzərə alaraq, adıçəkilən ölkələr birlikdə Avropanı təmiz, etibarlı və sərfəli enerji ilə təmin edərək qitənin enerji keçidinin lokomotivinə çevrilə bilərlər. Özbəkistan, Qazaxıstan və Azərbaycan “yaşıl hidrogen”in mühüm komponentlərdən biri olduğu daha bir “yaşıl enerji dəhlizi” yaratmaq üçün birləşib.

“Yaşıl hidrogen” günəş və külək enerjisi kimi bərpa olunan enerji mənbələrindən istifadə etməklə istehsal olunan hidrogendir. O, yandırıldıqda heç bir istixana qazı əmələ gətirmir, bu da onu qalıq yanacaqlara cəlbedici alternativə çevirir.

Azərbaycan günəş işığı və küləyin bolluğuna görə “yaşıl hidrogen” istehsalı üçün ciddi potensiala malikdir. Ölkə həm də əlverişli coğrafi mövqeyə malikdir ki, bu da ona “yaşıl hidrogen”in Avropaya və digər regionlara ixracına imkan verir.

Azərbaycan hökuməti “yaşıl” iqtisadiyyatın inkişafına tam sadiqdir və “yaşıl hidrogen”i gələcəyinin əsas hissəsi kimi görür. Ölkə artıq onu qlobal təmiz enerji bazarında mühüm oyunçuya çevirə biləcək iddialı “yaşıl hidrogen” istehsalı və ixracı layihələrini həyata keçirmək üçün addımlar atır.

Beləliklə, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əldə olunmuş razılaşmalar sadəcə biznes xarakteri daşımır. Bu, Mərkəzi Asiya ölkələri üçün dünya arenasında rollarını möhkəmləndirmək, Avropa ilə əlaqələri gücləndirmək və vətəndaşları üçün dayanıqlı gələcək yaratmaq şansıdır.

Mərkəzi Asiyadan Avropaya “yaşıl enerji” ixracı layihəsi təkcə neft və qaz hekayəsi deyil. Bu əməkdaşlıq, innovasiya və gələcəyin müəyyən edilməsi haqqında tarixçədir.

Son xəbərlər

Orphus sistemi