Bu ilin may ayı ərzində Energetika Nazirliyi tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (AERA) abonentlər tərəfindən elektrik enerjisi və qaz təchizatı ilə bağlı ümumilikdə 119 nəzarət tədbiri həyata keçirib.
"Report"un agentliyə istinadən verdiyi məlumata görə, ötən ay AERA elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 71 nəzarət tədbiri keçirilib.
Məlumatda deyilir ki, qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə 48 nəzarət tədbiri keçirilib.
Agentlik tərəfindən hesabat dövrü ərzində 36 müəssisədə 124 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.
15 “ASAN xidmət", 2 “ASAN Kommunal” mərkəzi və 2 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralara sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı daxil olan 221 müraciət qəbul edilərək icra edilib.