“Masdar” Azərbaycanın elektrik enerjisinə olan tələbatının 30 %-dən çoxunu BOEM hesabına təmin edəcək

“Masdar” Azərbaycanın elektrik enerjisinə olan tələbatının 30 %-dən çoxunu BOEM hesabına təmin edəcək 111
Energetika
7 aprel 2025 17:11
“Masdar” Azərbaycanın elektrik enerjisinə olan tələbatının 30 %-dən çoxunu BOEM hesabına təmin edəcək

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkətinin Azərbaycanda bərpa olunan enerji sahəsində həyata keçirdiyi layihələr ölkənin bərpa olunan enerji mənbələrindən (BOEM) alınan elektrik enerjisinə olan tələbatının 30 %-dən çoxunu təmin etməyə imkan verəcək.

“Report” xəbər verir ki, bu barədə “Masdar Azerbaijan” şirkətinin direktoru Murad Sadıxov "Daha "yaşıl" gələcəyə innovativ yollar: bərpa olunan enerji mənbələri və emissiyaların azaldılması" mövzusunda keçirilən tədbirdə bildirib.

"Hazırda iki günəş elektrik stansiyası inşa olunur - Biləsuvarda 445 MVt və Neftçalada 315 MVt gücündə. Biləsuvardakı stansiya bütün Xəzər regionunda bir ərazidə ən böyük generasiya obyekti olacaq", - o qeyd edib.

Həmçinin cari ilin sonunadək 240 MVt gücündə külək elektrik stansiyasının tikintisinə başlanılması planlaşdırılır.

"Bu üç obyekt ümumi gücü 1 giqavat olan böyük “Mega” layihəsinin bir hissəsidir. Onların həyata keçirilməsi sayəsində “Masdar” Azərbaycanın enerji keçidinə əhəmiyyətli töhfə verəcək və bərpa olunan mənbələr hesabına elektrik enerjisinin cari istehlakının 30 %-dən çoxunu təmin edəcək", - M. Sadıxov vurğulayıb.

Onun sözlərinə görə, layihənin həyata keçirilməsi Azərbaycan hökuməti, beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq, həmçinin Əbu-Dabi və BƏƏ hökumətinin dəstəyi sayəsində mümkün olub.

"Çağırışlara baxmayaraq, biz birlikdə bu iddialı layihə ilə irəliləməyi qərara almışıq", - o əlavə edib.

Orphus sistemi