Martda BTC vasitəsilə neft ixracının həcmi açıqlanıb
- 14 may, 2024
- 14:38
Martda Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə ixracın həcmi fevral ayı ilə müqayisədə 7 % azalıb.
"Report" bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
“Mart ayında BTC boru kəməri vasitəsi ilə ixrac fevral ayı ilə müqayisədə gündəlik 42 min barel azalaraq orta hesabla gündəlik 577 min barel təşkil edib”, - hesabatda bildirilib.
OPEC-in məlumatına görə, Rusiya və Mərkəzi Asiya ölkələrindən ümumi xam neft ixracı fevral ayı ilə müqayisədə mart ayında gündəlik 197 min barel (təxminən 3 %) artaraq orta hesabla 6,6 milyon barel təşkil edib. Bu göstərici 2023-cü ilin mart ayı ilə müqayisədə 50 min barel (1 %) artıb.
Martda Mərkəzi Asiyadan neft ixracı orta hesabla 224 min barel təşkil edib ki, bu da cari ilin fevral ayı ilə müqayisədə 2 % çoxdur, lakin 2023-cü ilin mart ayı ilə müqayisədə bu göstərici 8 % azdır.
Martda Xəzər Boru Kəməri Konsorsiumu (CPC) terminalı ilə Qara dəniz regionundan ümumi ixrac fevral ayı ilə müqayisədə gündə 33 min barel (2 %) artaraq 1,5 milyon barel təşkil edib. Bu da ötən ilin mart ayı ilə müqayisədə 5 % (75 min barel) azdır.