Azərbaycanın qurudakı yataqlar blokunda 10 quyu əsaslı təmir olunacaq

Azərbaycanın qurudakı yataqlar blokunda 10 quyu əsaslı təmir olunacaq Yanvarın 31-də əməliyyata başlanması gözlənilir
Energetika
25 Yanvar , 2017 11:52
Azərbaycanın qurudakı yataqlar blokunda 10 quyu əsaslı təmir olunacaq

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycanın quruda yerləşən “Muradxanlı-Cəfərli-Zərdab” yataqlar blokundakı 10 quyuda əsaslı təmir işləri həyata keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Kanadanın “Zenith Energy” şirkəti məlumat yayıb.

“Zenith” şirkətinin Azərbaycandakı strategiyasının əsas elementi yaxın perspektivdə gündəlik hasilatın miqdarını müntəzəm artırmaq üçün fəaliyyətinin miqyasını genişləndirməkdir. Bu məqsədə nail olmaq üçün aşağı hasilatı olan 65 quyudan ilk 10 quyunun əsaslı təmiri işləri proqramı başlanıb. Qazma qurğusu artıq yoldadır və yanvarın 31-də əməliyyata başlanması gözlənilir. Quyuların əsaslı təmir proqramı üzrə yeniliklər barədə mütəmadi olaraq məlumat veriləcək”, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, blokdan stabil olaraq təxminən gündəlik 295 barel neft hasil olunur.

“Zenith” şirkəti “Muradxanlı-Cəfərli-Zərdab” yataqlarından “Urals” markalı neftin çatdırılmasından Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən müntəzəm olaraq ödəniş almağa davam edir. Beynəlxalq boru kəmərləri şəbəkəsinə çıxarılan xam neftin miqdarına görə dəqiq, hətta nəzərdə tutulan vaxtdan öncə ödəniş edilib.

“Zenith Aran Oil Company” şirkətinin baş icraçı direktoru Andrea Kattaneo əsaslı təmir proqramının başlanmasından məmnun olduqlarını bildirib. O qeyd edib ki, hazırda “Urals” markalı xam neftin bir barelinin qiyməti 51 dollara qalxıb: “Bu isə yataqlarda əməliyyata başlayan vaxtdan bahadır. Şirkətin hasilatın artırılması üçün işlərin sürətləndirilməsi strategiyasına başlanması indiki vaxta çox uyğundur".

Qeyd edək ki, Kanadanın "Zenith Energy Ltd." şirkəti Azərbaycanda "Zenith Aran Oil Company Ltd." müəssisəsini yaradıb. 2016-cı il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında “Muradxanlı-Cəfərli- Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş imzalanıb. Saziş Azərbaycan Milli Məclisi tərəfindən ötən il iyunun 14-də ratifikasiya olunub. Yataqlardan hasilat avqustun 11-də başlanıb.

Sazişi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və "Zenith Aran Oil Company”nin baş icraçı direktoru Andrea Kattaneo imzalayıblar.

“Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş 25 il müddətində qüvvədə olacaq, sazişin əlavə olaraq 5 il uzadılması ehtimalı da nəzərə alınıb. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.

Son xəbərlər

Orphus sistemi