“Biz Azərbaycanla həm qaz sektoru, həm də bərpa olunan enerji sahəsində tərəfdaşlığı artırılması ilə bağlı razılığa gəldik”.
“Report” xəbər verir ki, bu barədə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson “Twitter” hesabında yazıb.
“Azərbaycanın energetika naziri Pərviz Şahbazovla enerji sahəsində əməkdaşlıq haqqında çox yaxşı müzakirələr apardıq”,- o qeyd edib.
Pərviz Şahbazov isə özünün “Twitter” hesabında yazıb ki, AK komissarı ilə görüşdə davamlı enerji təhlükəsizliyi aspektində Cənub Qaz Dəhlizinin (SGC) gələcək inkişafına dair mövqelərimizi bölüşdük.
Qeyd edək ki, bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci iclası keçirilir. Tədbirdə nailiyyətlər və perspektivlər – Cənub Qaz Dəhlizinin yeni enerji bazarları, o cümlədən Qərbi Balkan ölkələri istiqamətində genişləndirilməsi” və “Enerji keçidi – Karbohidrogen mənşəli yanacaqlardan və metan tullantılarının azaldılması tədbirlərindən karbon neytrallığına doğru: yollar, çağırışlar, qrafiklər” mövzularına həsr olunmuş plenum sessiyaları keçirilib.
"Şahdəniz" qaz yatağının istismarını və Azərbaycandan İtaliyayadək gedən qaz ixrac kəmərlərini əhatə edən SGC layihəsinin məqsədi Avropa İttifaqına qaz tədarükünü şaxələndirmək, təkcə bir qaz tədarükü mənbəyinə bağlı olan ölkələrin sayını azaltmaqdır. SGC-nin Avropadakı hissəsi olan TAP (Trans Adriatik boru kəməri) layihəsi 2020-ci ilin 31 dekabr tarixindən müntəzəm fəaliyyətə başlayaraq Azərbaycan qazının Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya nəqlini həyata keçirir.