İtaliyaya neft tədarükündə Azərbaycanın payı 12 %-ə çatıb

Energetika
  • 19 mart, 2025
  • 13:38
İtaliyaya neft tədarükündə Azərbaycanın payı 12 %-ə çatıb

Bu ilin yanvar ayında İtaliya Azərbaycandan 540,614 min ton neft idxal edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,1 % çoxdur.

Bu barədə "Report" İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinə istinadən xəbər verir.

Hesabat dövründə Azərbaycandan 181,107 min ton “Azeri Blend” (-34,3 %) və 359,507 min ton “Azeri Light” markalı neft (+2,1 dəfə) tədarük edilib.

İtaliya “Azeri Blend” markalı neftin 1 barelini 82,56 ABŞ dollarına (2024-cü ilin yanvar ayında 85,95 ABŞ dolları), “Azeri Light” markalı neftin 1 barelini isə 85,27 ABŞ dollarına (87,44 ABŞ dolları) alıb.

Ümumilikdə, cari ilin yanvar ayında İtaliya bir bareli 78,84 ABŞ dolları (2024-cü ilin yanvar ayında 80,81 ABŞ dolları) olmaqla 4,568 milyon ton neft (-10,8 %) idxal edib. Beləliklə, bu dövrdə İtaliyaya tədarükün ümumi həcmində Azərbaycanın payı 11,8 % təşkil edib.

İtaliyaya neftin əsas tədarükçüləri siyahısında 3-cü yeri tutan Azərbaycanla yanaşı, Liviya (1 milyon 67,748 min ton), Qazaxıstan (598,177 min ton), Səudiyyə Ərəbistanı (452,196 min ton), Nigeriya (421,835 min ton) və İraq (295,133 min ton) qərarlaşıb.

Qeyd edək ki, 2024-cü ildə İtaliya Azərbaycandan 9,3 milyon ton neft (azalma 17,7 %) idxal edib. Bu dövrdə İtaliyaya neft tədarükünün 16,4 %-ni Azərbaycan təmin edib.