İğdır-Naxçıvan Qaz Boru Xətti: Strateji layihənin başlanğıc yeri - FOTOREPORTAJ

İğdır-Naxçıvan Qaz Boru Xətti: Strateji layihənin başlanğıc yeri - FOTOREPORTAJ Azərbaycan və Türkiyə arasında enerji sahəsində əməkdaşlıq gün keçdikcə daha da möhkəmlənir. Bu əlaqələrin ən önəmli göstəricilərindən biri olan İğdır-Naxçıvan Qaz Boru Xətti, iki ölkə arasında strateji tərəfdaşlıq çərçivəsində həyata keçirilən üçüncü qaz
Energetika
8 Noyabr , 2024 14:31
İğdır-Naxçıvan Qaz Boru Xətti: Strateji layihənin başlanğıc yeri - FOTOREPORTAJ

Azərbaycan və Türkiyə arasında enerji sahəsində əməkdaşlıq gün keçdikcə daha da möhkəmlənir. Bu əlaqələrin ən önəmli göstəricilərindən biri olan İğdır-Naxçıvan Qaz Boru Xətti, iki ölkə arasında strateji tərəfdaşlıq çərçivəsində həyata keçirilən üçüncü qaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum və TANAP-dan sonra) layihəsidir.

"Report" xəbər verir ki, bu layihə, Naxçıvan Muxtar Respublikasının qaz təminatını sabit və etibarlı bir mənbədən qarşılayaraq onun enerji təhlükəsizliyini təmin edəcək. Hazırda Naxçıvan qazla Azərbaycan və İran arasındakı svop müqaviləsi əsasında təmin olunur, lakin İğdır-Naxçıvan xəttinin inşası ilə bu asılılıq aradan qalxacaq.

Layihə həm Azərbaycanın enerji müstəqilliyini gücləndirəcək, həm də Türkiyə ilə iqtisadi bağları daha da möhkəmləndirəcək. Ən önəmlisi isə Azərbaycanın Naxçıvana nəql ediləcək qazın keyfiyyətinə nəzarət edə bilməsidir.

Qeyd edək ki, İğdır-Naxçıvan Qaz Boru Xəttinin inşasına qərar 2020-ci il dekabrın 25-də Ankarada imzalanmış anlaşma memorandumu ilə verilib. İllik ötürmə gücü 730 milyon kubmetr olan bu boru kəməri Naxçıvanın qaz tələbatını tam ödəyəcək.

2023-cü il sentyabrın 25-də Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə İğdır-Naxçıvan Qaz Boru Xəttinin təməli qoyuldu. Layihənin Azərbaycan hissəsinin tikintisini Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Türkiyə hissəsini isə BOTAŞ şirkəti həyata keçirir.

Qaz boru xəttinin Türkiyə hissəsindəki son stansiyası olan Dilucu stansiyasında işlər artıq son mərhələdədir. Hazır olduqdan sonra başlanğıc nöqtədən çıxan qaz, 80 km-dən artıq məsafə qət edərək bu stansiyaya çatdırılacaq və oradan Naxçıvana nəql ediləcək.

İğdırdan Sədərək rayonuna qədər boru kəmərinin uzunluğu təxminən 100 km təşkil edir. Azərbaycan hissəsinin uzunluğu 17 km, Türkiyə hissəsinin uzunluğu isə 80 km-dən çoxdur. Kəmərin Azərbaycan hissəsinin tikintisi 2023-cü ilin iyul ayında başlanıb.

Sədərək qazpaylayıcı stansiyası “Revers” tipindədir, yəni qazı həm qəbul, həm də ixrac edə bilir. Burada da tamamlanma işləri yekunlaşmaq üzrədir və ilin sonuna qədər işlərin başa çatdırılması planlaşdırılır.

SOCAR-ın vitse-prezidentinin müavini, SOCAR Midstream Operations” MMC-nin Qaz Əməliyyatlarının rəhbəri Polad Rüstəmov jurnalistlərə layihənin noyabrın sonuna tamamlanacağını və əməliyyatların həmin tarixdən etibarən başlanacağını bildirib: "Kəmərin gündəlik ötürücülük gücü 2 milyon kubmetr nəzərdə tutulub ki, bu da illik təxminən 730 milyon kubmetrə bərabərdir. Layihəyə edilə biləcək kiçik modifikasiyalarla bu həcmi gündəlik 5 milyon kubmetrə, yəni illik 1,8 milyard kubmetrə qədər artırmaq mümkündür".

Anar Tağıyev

Son xəbərlər

Orphus sistemi