İndiyədək dünya bazarında Azərbaycanın payına düşən 232 mln. ton mənfəət nefti satılıb

İndiyədək dünya bazarında Azərbaycanın payına düşən 232 mln. ton mənfəət nefti satılıb 2016-cı ildə dünya bazarında satılmış 32,7 mln. ton neftin 19,3 mln. tonu mənfəət nefti olub
Energetika
18 Yanvar , 2017 09:36
İndiyədək dünya bazarında Azərbaycanın payına düşən 232 mln. ton mənfəət nefti satılıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsindən ("AÇG" layihəsi, "Əsrin Müqaviləsi") işlənmənin əvvəlindən 2017-ci il yanvarın 1-dək 416,5 mln. ton neft və 128,2 mlrd. kubmetr qaz hasil edilib.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə “Respublika” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda həmin yataqlardan ayda 2,6 mln. ton neft və 1 mlrd. kubmetrdən çox qaz hasil olunur: “Artıq 18 ildir ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edir. 2017-ci il yanvarın 1-dək dünya bazarında Azərbaycanın payına düşən 231,8 mln. ton mənfəət nefti satılıb. Mənfəət neftinin həcmi ilbəil artır. 2016-cı ildə dünya bazarında satılmış 32,7 mln. ton neftin 19,3 mln. tonu, yəni 59%-i Azərbaycanın payına düşən mənfəət nefti olub”.

Şirkət rəsmisi qeyd edib ki, bu il yanvarın 1-dək dünya bazarına 435,4 mln. ton Azərbaycan nefti çıxarılıb və bunun 321,7 mln. tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilib.

Xatırladaq ki, "AÇG" yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. "AÇG" layihəsində BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "İnpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "İtochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) şirkətləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi