Hindistanın “ONGC Videsh Limited” şirkəti Norveçin “Equinor” şirkəti ilə “Azəri-Çıraq-Günəşli” layihəsində 0,615 % payın alqı-satqısı və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin operatoru olan “BTC Co” şirkətində 0,737 % payın alınması haqqında yekun saziş imzalayıb.
Bu barədə “Report” Hindistan şirkətinin rəsmi açıqlamasına istinadən xəbər verir.
Açıqlamada qeyd edilib ki, sözügedən layihələrdə payların alınmasına ümumilikdə 60 milyon ABŞ dollarına qədər investisiya qoyulacaq. Sövdələşmənin yaxın aylarda tamamlanacağı gözlənilir.
Məlumatda bildirlib ki, bu satınalmalar “ONGC Videsh” şirkətinin AÇG layihəsindəki 2,31 % və BTC boru kəmərindəki 2,36 % payına əlavədir.
“Bu satınalmalar şirkətin mövcud portfelinə yüksək keyfiyyətli beynəlxalq aktivlər əlavə etməklə Hindistanın enerji təhlükəsizliyini təmin etməklə bağlı strateji hədəfinə uyğundur”, - məlumatda qeyd olunub.
AÇG yataqlar blokunun işlənilməsi haqqında müqavilə 1994-cü ildə imzalanıb. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci ilin sentyabr ayında 2050-ci ilə qədər olan dövrü əhatə edən yeni müqavilə imzalanıb.
Hazırda AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.
Xatırladaq ki, 2023-cü il dekabrın 22-də “Equinor” Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Azərbaycandakı aktivlərinin SOCAR-a satılmasına dair saziş imzalayıb. Xüsusilə “Equinor” AÇG və BTC layihələri üzrə iştirak payının və “Qarabağ” yatağının işlənməsi layihəsindəki 50 % iştirak payını SOCAR-a satıb. İştirak paylarının alınmasına dair əqdlər bütün tənzimləyici tələblərin və müqavilə öhdəliklərinin şərtlərinə əməl edilməklə başa çatdırılacaq.