Yuxarı

Gürkan Kumbaroğlu: "Türk axını" və TANAP bir-birini tamamlayan layihələrdir"

IAEE prezidenti İran qazının da TANAP-la nəqlini mümkün sayır

Bakı. 31 avqust. REPORT.AZ/ "Türk axını" və Trans-Anadolu Boru Kəməri (TANAP) layihələri rəqib deyil, bir-birini tamamlayan iki layihədir". Bu fikirləri "Report"a Enerji İqtisadiyyatları Beynəlxalq Assosiasiyası (IAEE) və Türkiyə Enerji İqtisadiyyatı Dərnəyinin prezidenti Gürkan Kumbaroğlu bildirib.

Onun fikrincə, "Türk axını" bir çox baxımdan TANAP-la eynidir: "Bu iki layihəni bir-birinə rəqib deyil, bir-birini tamamlayan iki layihə olaraq görürəm. "Türk axını" və TANAP-la nəql olunan qazın bir hissəsinin Türkiyənin ehtiyacını qarşılamaqla, bir hissəsinin Avropanın ehtiyacına yönəldilməsi nəzərdə tutulur. Hər iki layihənin Türkiyədən Yunanıstana keçid nöqtəsi (İpsala) də eynidir".

TANAP-a Şimali İraq, İran və digər mənbələrin qazının da qoşulması ilə bağlı təkliflərə münasibət bildirən G.Kumbaroğlu İran qazının TANAP-la nəql oluna biləcəyini düşündüyunu qeyd edib: "İraqda da böyük ehtiyatlar var. Amma o bölgədə ciddi təhlükəsizlik problemi yaşanır. Xəzər bölgəsinə yönəlmiş boru xətlərində belə təhlükəsizlik problemi yoxdur. Bu problemin olmaması da regional əməkdaşlığın inkişafı ilə bağlıdır". O, bütün enerji layihələrində bölgənin əməkdaşlıq içində olmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.

"Türk axını" layihəsi Rusiya qazının Qara dənizin dibi ilə Türkiyə üzərindən Avropaya nəqlini nəzərdə tutur. Ötən ilin sonunda Rusiya ilə Türkiyə arasında münasibətlər gərginləşdikdən sonra "Türk axını" qaz kəmərinin tikintisi layihəsi dayandırılıb. Bu ayın əvvəlində isə Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin görüşündə layihə yenidən gündəmə gəlib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Türk axını" layihəsi ilə bağlı müzakirələrin davam edəcəyini və ən qısa müddətdə işlərə başlanacağını qeyd edib. Nazir ildə 16 mlrd. kubmetr qazın nəql olunacağını və artıq həcmin TANAP-a qoşulacağını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi