Bərpa olunan enerji mənbələrinin (BOEM) inkişafı üçün Cənubi Qafqaz regionunun bütün ölkələrinin potensialından istifadə etmək lazımdır.
“Report”un Tbilisiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı çərçivəsində “Orta Dəhliz: Avropa və Asiya arasında əlaqələrin yenidən qurulması” mövzusunda panel müzakirəsi zamanı deyib.
Nazir onu da vurğulayıb ki, Gürcüstan Azərbaycan-Avropa İttifaqı “yaşıl dəhliz” layihəsinin həyata keçirilməsi üçün özəl sektoru cəlb edəcək.
L.Xutsişvili Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında imzalanmış Qara dənizin dibi ilə kabel xəttinin çəkilməsi layihəsinin hazırlanması məsələsini də qaldırıb.
O ümid etdiyini bildirib ki, texniki-iqtisadi əsaslandırmanın nəticələri yaxın bir neçə ay ərzində əldə edilə bilər: “Bu layihə çərçivəsində biz regiondakı tərəfdaş ölkələrlə əməkdaşlıq edirik. Bundan əlavə, biz özəl sektor vasitəsilə maliyyə vəsaitlərinin cəlb edilməsi üzərində işləyirik”.