Gürcüstanda ilk NEZ-in tikintisinin müfəssəl planı təsdiq edilib
- 12 avqust, 2024
- 07:49
Gürcüstanın Kulevi azad sənaye zonasında birinci neft emalı zavodunun (NEZ) tikintisinin altı mərhələdə həyata keçirilməsi planlaşdırılır, ilkin mərhələdə zavodun gücü illik 1 milyon 121 min ton təşkil edəcək.
“Report” bu barədə Gürcüstan KİV-nə istinadən xəbər verir.
“Xobi bələdiyyəsi 31 iyul 2024-cü il tarixində Kulevi NEZ-in və köməkçi infrastrukturun tikintisinin müfəssəl planını təsdiq edib. Birinci mərhələdə zavodun illik gücü 1 milyon 121 min ton təşkil edəcək. Neftin saxlanması üçün 89 min kubmetr tutumu olan çən parkı yaradılacaq”, - məlumatda bildirilib.
Qeyd olunub ki, gələcəkdə zavodun gücü 2 milyon 921 min tona, çən parkının tutumu isə 440,2 min kubmetrə çatdırılacaq.
“Kulevi NEZ-in tikintisi 6 mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə zavodun əsas infrastrukturu tikilib istifadəyə veriləcək. Birinci mərhələdə başlanan bir sıra obyektlərin tikintisi bir neçə mərhələdə davam etdiriləcək. Növbəti mərhələlərdə ikinci dəmir yolu keçidi, çənlər və digər sənaye obyektləri də əlavə olunacaq”, - məlumatda vurğulanıb.
Zavodun infrastrukturunun təşkili üzrə işlər 3-4 il davam edəcək.
Ümumi sahəsi 599 970 kvadratmetr təşkil edəcək zavodun tikintisi üzrə işlər “Black Sea Petroleum” MMC tərəfindən həyata keçiriləcək.
“Layihənin məqsədi Avropa standartlarına cavab verən tam infrastruktura malik müasir və yüksək texnologiyalı zavodun tikintisidir. Gürcüstanda istehsal olunan neft məhsulları yerli bazarda idxal olunan məhsullardan daha ucuz qiymətə satılacaq”, - məlumatda qeyd olunub.
Layihənin investisiya dəyəri 30 milyon ABŞ dolları məbləğində qiymətləndirilir.