“Günəşli” yatağının qəza baş verən özülündə iş növbəsində olmuş neftçilərlə görüş keçirilib

“Günəşli” yatağının qəza baş verən özülündə iş növbəsində olmuş neftçilərlə görüş keçirilib Xəsarət alan neftçilərin müalicə aldıqları dövrdə əməkhaqları xəstəlik vərəqəsi üzrə hesablanıb
Energetika
9 Mart , 2016 17:16
“Günəşli” yatağının qəza baş verən özülündə iş növbəsində olmuş neftçilərlə görüş keçirilib

Bakı. 9 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində təbii fəlakət nəticəsində “Günəşli” yatağında yerləşən 10 saylı dərin dəniz özülündə baş vermiş qəza zamanı iş növbəsində olmuş neftçilərlə görüş keçirilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə SOCAR-ın neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov, kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, sosial məsələlər üzrə vitse-prezidenti Bədəl Bədəlov, şirkətin aidiyyəti idarələrinin rəhbərləri iştirak ediblər.

Əvvəlcə ötən il dekabrın 4-də təbii fəlakət zamanı “Günəşli” yatağındakı 10 saylı və “Neft Daşları”ndakı 501 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində həlak olmuş və itkin düşmüş neftçilərin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində görülmüş işlərdən danışıb, itkin düşənlərin axtarış işlərinin və xilas olanların müalicə-reabilitasiyasi məsələlərinin daim diqqət mərkəzində olduğunu bildirib. X.Məmmədov qeyd edib ki, xəsarət alan neftçilərin müalicəsi artıq başa çatıb və onlar evlərinə buraxılıblar. Hazırda xəsarət alan neftçilərin reabilitasiya dövrü keçdiklərini söyləyən vitse-prezident keçirilən görüşün bu mərhələdə onların qayğı və problemləriylə maraqlanmaq məqsədi daşıdığını diqqətə çatdırıb. SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov, “Kompleks Qazma İşləri Tresti”nin müdiri İskəndər Şirəli, “Neftqaztikinti” Trestinin müdiri Mirkazım Abbasov, Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfiqarov hadisə zamanı xilas edilmiş neftçilərə müalicə aldıqları müddətdə göstərilən maddi və mənəvi dəstəkdən danışıb, onların doğma kollektivlərinə tam sağlam qayıtmaları üçün hər cür yardımın bundan sonra da etdiriləcəyini söyləyiblər.

Özülün rəisi Allahverdi Məmmədov, qəzada xəsarət almış işçilərdən Faiq Cəfərov, Əlirəhman Quliyev, Kamran Tarverdiyev, Bəhruz Babayev, Bəxtiyar Ələkbərov, Rəşid Hüseynov və başqaları çıxış edərək müalicə aldıqları dövrdə SOCAR rəhbərliyinin onlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib, onlara vaxtaşırı baş çəkdiklərinə, problemləri ilə maraqlandıqlarına, göstərdikləri maddi və mənəvi dəstəyə görə minnətdarlıqlarını bildiriblər. Neftçilər ötən müddətdə üzləşdikləri problemlər, onları narahat edən məsələlər barədə fikir və təkliflərini bildiriblər. Qeyd olunub ki, müalicə aldıqları dövrdə onların əməkhaqları xəstəlik vərəqəsi üzrə hesablanıb, işləmədikləri üçün SOCAR tərəfindən verilən gündəlik yemək pulları, həmçinin tarif maaşı üzrə dəniz əmsalları nəzərə alınmayıb, bu da öz növbəsində onların ailə büdcəsinə təsir göstərib. SOCAR-ın Maliyyə və Uçot İdarəsinin rəisi Vüqar Şərifov, Hüquq İdarəsinin rəisi Eldar Orucov, İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli bu məsələnin araşdırıldığını və əməkhaqlarının qanunvericiliyə tam uyğun hesablandığını söyləyiblər. Neftçilər qəza nəticəsində əmək qabiliyyətlərini müvəqqəti itirdikləri nəzərə alınaraq, onlara müavinət şəklində maddi yardım göstərilməsini xahiş ediblər.

Görüşə yekun vuran vitse-prezident X.Məmmədov görüşün böyük əhəmiyyət kəsb etdiyini bildirib, qaldırılan məsələlərlə bağlı struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib, SOCAR-ın baş ofisindən asılı olan məsələlərin isə komissiyalarda aidiyyəti üzrə baxılıb, müvafiq qərarlar veriləcəyini söyləyib, neftçilərə tezliklə sağalmaq və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi