“Fitch” agentliyi “Petkim”in uzunmüddətli emitent defolt reytinqinə yenidən baxıb

Energetika
  • 06 oktyabr, 2023
  • 13:30
“Fitch” agentliyi “Petkim”in uzunmüddətli emitent defolt reytinqinə yenidən baxıb

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı olan “Petkim Petrokimya Holding AŞ” neft-kimya kompleksinin uzunmüddətli xarici valyutada emitentin defolt reytinqini (IDR) “B” səviyyəsindən “B-” səviyyəsinə endirib.

“Report” “Fitch”ə istinadən xəbər verir ki, bu reytinq üzrə proqnoz “sabit”dir.

Bundan başqa, “Petkim" üçün yüksək təminatsız borcun yeni reytinqini 'B-'/'RR4' səviyyəsində təyin edilib.

“Petkim" holdingin uzunmüddətli reytinqinin dəyişdirilməsi neft-kimya məhsullarının aşağı rentabelliyi, mənfəətin davamlı bərpasına dair gözləntilər və 2026-cı ilə qədər davamlı olaraq 3,5x-dən yuxarı qalacaq yüksək xalis EBITDA leverec ilə bağlı pisləşən kredit göstəricilərini əks etdirir.

“Sabit” proqnoz şirkətin mənfəətinin mərhələli şəkildə orta dövr səviyyəsinə qədər normallaşması və onun əsas ana şirkəti olan SOCAR-ın (BB+/Pozitiv) dəstəyinin artması ilə bağlı gözləntilərimizi əks etdirir.

Üstəlik, “Petkim”in reytinqi onun siklik polimer xammal ehtiyatlarından asılılığını əks etdirir. Bu da mənfəətin qeyri-sabitliyinə səbəb olur. Müsbət tərəfi, “Petkim”in biznes profili yaxşı sərmayə qoyulmuş aktiv bazası, daxili neft-kimya bazarında güclü mövqe və məzənnə dəyişkənliyinə bir qədər dayanıqlılıqdan bəhrələnir”, - hesabatda qeyd edilib.

Hesabat müəllifləri qeyd ediblər ki, çətin bazar şərtləri 2022-ci ilin dördüncü rübünün sonundan 2023-cü ilə qədər Türkiyə və Avropada neft-kimya qiymətlərinə təzyiq göstərib: “Petkim”in xərcləri optimallaşdırmaq səylərinə baxmayaraq, onun EBITDA marjası 2022-ci maliyyə ilində təxminən 9 %-dən bu ilin birinci yarısında 2 %-dən aşağı düşüb”.

“Fitch” 2023-cü maliyyə ilində təxminən 3 % EBITDA marjası ilə yaxın perspektivdə bərpanı, ardınca isə 2024-cü ildə təxminən 6 %-ə qədər mülayim artımı proqnozlaşdırır. “Fitch” 2025-ci ildən orta dövr EBITDA səviyyələrinə qayıtmağı gözləyir. Beynəlxalq reytinq agentliyinin ekspertləri bununla göstəricinin 9,5 % olacağını proqnozlaşdırır. EBITDA-nın 2023-cü ildə təqribən 62 milyon ABŞ dolları, 2024-cü ildə 159 milyon ABŞ dolları olacağı və 2025-2026-cı illərdə orta hesabla illik təxminən 240 milyon ABŞ dollarına qədər bərpa olunacağı gözlənilir.

“Petkim”in ümumi xərclərinin təxminən 80 %-i ABŞ dolları ilə ifadə olunur, çünki onun əsas xammal ehtiyatı olan nafta bu valyuta ilə alınır. Eyni zamanda, satışın böyük hissəsi ABŞ dolları və avro ilə ifadə edilir və ya dolayısı ilə qiymətlərin indeksasiyası ilə şərtlənir. Bu, lirənin devalvasiyası dövrlərində EBITDA-nı dəstəkləyir və “Petkim”in sabit valyuta borcunu böyük ölçüdə kompensasiya edir. Valyuta məzənnəsi ilə bağlı volatillik daxili tələbatın azalması üzündən də təsir göstərə bilər. Amma “Petkim” məhsullarını ixrac bazarlarına yönləndirə bilər”, - hesabatda vurğulanıb.

“Petkim” hazırda nafta xammalının təxminən 80-90 %-ni STAR neft emalı zavodundan əldə edir və STAR-ın məhsula olan təlabatının 10-15 %-ni məhz “Petkim” təmin edir. Konsentrasiya edilmiş təchizat mənbəyinin təsirini onun Qara dəniz regionu və Rusiyadan gələn alternativ təchizat mənbələrinə yaxın bölgədə yerləşməsi yumşaldır.

Qeyd edək ki, əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir. “Petkim”in səhmləri İstanbul Fond Birjasında yerləşdirilir.