Cənub Qaz Dəhlizi (SGC) Avropa İttifaqı (Aİ) və qonşu ölkələrə təbii qaz tədarükünün şaxələndirilməsi üçün ən mühüm marşrutdur.
“Report” xəbər verir ki, bu barədə “Euronews”un saytında dərc olunan məqalədə qeyd olunub.
Bildirilib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 10-cu nazirlər iclasında və Yaşıl Enerji Məşvərət Şurasının 2-ci iclasında bu dəhlizin genişləndirilməsi məsələsi qaldırılıb:
“Azərbaycan zəngin neft və təbii qaz ehtiyatlarına malik olan, ötən il təbii qaz ixracını 9 % artıraraq 22 milyard kubmetrə çatdıran ölkədir. Hazırda Avropada Azərbaycan “mavi yanacağı”nın əsas alıcıları İtaliya, Yunanıstan, Rumıniya, Macarıstan və Bolqarıstandır. Görünən odur ki, bu siyahıdakı ölkələrin sayının artırılması mümkündür”.
Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson deyib ki, qalıq yanacaqlarından mərhələli şəkildə imtina edilməsinə dair səylərə baxmayaraq, əlavə təbii qaz həcmlərini əldə etməyə hazır olan yeni tərəfdaş ölkələr var:
“Lakin bunun üçün bir neçə onilliklər lazımdır. Hazırda biz gələcək əməkdaşlığı qurmaq istəyirik”.
Məqalədə vurğulanıb ki, Azərbaycan “yaşıl enerji”yə keçidə çalışır və bunun yollarından biri Xəzər dənizində külək stansiyalarının inşa edilməsidir.