“Equinor” ötən il hasilatı 1 % azaldıb
- 05 fevral, 2025
- 15:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Norveçin neft-qaz şirkəti “Equinor ASA” 2024-cü ilin dördüncü rübündə qiymətlərin və hasilat həcmlərinin azalması səbəbindən xalis mənfəətində 23 % azalma qeydə alıb.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, şirkətin oktyabr-dekabr aylarında xalis mənfəəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,608 milyard ABŞ dollarından 1,999 milyard ABŞ dollarına düşüb. Dəqiqləşdirilmiş mənfəət isə 6 % azalaraq 1,733 milyard ABŞ dolları olub.
Bu dövrdə “Equinor”un gəlirləri 5 % azalaraq 27,654 milyard ABŞ dollarına enib.
Şirkətin hasilatı son rübdə əvvəlki ilin eyni dövründə qeydə alınan 2,197 milyon barel neft ekvivalenti ilə müqayisədə 6 % azalaraq gündəlik 2,072 milyon barel neft ekvivalenti təşkil edib. Karbohidrogenlərin orta satış qiyməti isə 10 % azalaraq bir barel üçün 68,5 ABŞ dollarına düşüb.
2024-cü ilin ümumi nəticələrinə görə, şirkətin hasilatı 1 % azalaraq 2,067 milyon barel neft ekvivalenti olub. Orta satış qiyməti də 1 % azalaraq bir barel üçün 74,1 ABŞ dollarına enib.
Bununla belə, “Equinor” 2025-ci ildə hasilatı təxminən 4 % artırmağı planlaşdırır. Şirkətin kapital qoyuluşları isə 2024-cü ildəki 12,1 milyard ABŞ dolları ilə müqayisədə təxminən 13 milyard ABŞ dolları həcmində nəzərdə tutulur.
Bundan əlavə, “Equinor” hasilat hədəflərini yeniləyərək, 2030-cu ildə bu göstəricinin əvvəlki proqnoz olan 2 milyon barel əvəzinə təxminən 2,2 milyon barel neft ekvivalentinə çatacağını gözləyir.