Norveç neft-qaz şirkəti “Equinor ASA” 2024-cü ilin üçüncü rübündə qiymətlərin və hasilat həcmlərinin azalması səbəbindən xalis mənfəətini 8,6 % azaldıb.
“Report”un şirkətin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyul-sentyabr aylarında xalis mənfəət ötən ilin eyni dövrü ilə müqayisədə 2,501 milyard ABŞ dollarından 2,285 milyard ABŞ dollarınadək, yəni 8,6 % azalıb. Düzəliş edilmiş mənfəət 25 % azalaraq 2,191 milyard ABŞ dolları təşkil edib.
Əməliyyat mənfəəti 7 % azalaraq 6,905 milyard ABŞ dolları olub. Gəlirlər 2,2 % azalaraq 25,446 milyard ABŞ dolları təşkil edib.
Şirkətin hasilatı ötən rübdə 1 % azalaraq gündəlik 2,007 milyon barel neft ekvivalentindən 1,984 milyon barel neft ekvivalentinə düşüb. Karbohidrogenlərin orta satış qiyməti 8 % azalaraq bir barel üçün 74 ABŞ dolları olub.
Şirkətin kapital qoyuluşlarının bu il 2023-cü ildəki 14,5 milyard ABŞ dolları ilə müqayisədə təxminən 14 milyard ABŞ dolları səviyyəsində olacağı gözlənilir.