“Equinor” Azərbaycanda aktivlərinin satmasının səbəblərini açıqlayıb

Energetika
  • 27 dekabr, 2023
  • 07:21
“Equinor” Azərbaycanda aktivlərinin satmasının səbəblərini açıqlayıb

Norveçin “Equinor” şirkəti beynəlxalq neft və qaz biznesini yenidən təşkil etmək prosesindədir.

“Report”un məlumatına görə, bunu Norveç şirkətinin beynəlxalq kəşfiyyat və hasilat üzrə icraçı vitse-prezidenti Filip Matyö (Philippe Mathieu) bildirib.

Onun sözlərinə görə, şirkətin Azərbaycanda aktivlərinin satışı beynəlxalq portfelini cəmləşdirmək strategiyasına uyğundur.

O bildirib ki, son 30 il ərzində Azərbaycan “Equinor”un beynəlxalq portfelinin mühüm hissəsi olub: “Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə digər tərəfdaşlarla birlikdə biz əməkdaşlıq və Azərbaycan cəmiyyəti üçün əhəmiyyətli dəyər yaratmışıq”.

F. Matyö qeyd edib ki, SOCAR uzunmüddətli perspektivdə aktivlərinin dəyərini artırmaq üçün yaxşı mövqeyə malikdir və şirkət bu illər ərzində sıx əməkdaşlığı yüksək qiymətləndirir.

Xatırladaq ki, dekabrın 22-də SOCAR tərəfindən AÇG, “Qarabağ” yataqları, həmçinin Bakı–Tbilisi–Ceyhan (BTC) layihəsi üzrə “Equinor” şirkətinə məxsus iştirak paylarının alınmasına dair sənədlər imzalanıb.

İştirak paylarının alqı-satqısına qədər, “Equinor” AÇG neft yataqlarında 7,27 %, BTC boru kəmərində 8,71 %, “Qarabağ” yatağında isə 50 % iştirak payına malik olub. SOCAR-ın iştirak payı isə AÇG-də 25 %, BTC-də 25 %, “Qarabağ” yatağında 50 % təşkil edib.

İştirak paylarının alınmasına dair əqdlər bütün tənzimləyici tələblərin və müqavilə öhdəliklərinin şərtlərinə əməl edilməklə başa çatdırılacaq.

Həmçinin “Equinor” ilə SOCAR arasında dekarbonizasiya və "yaşıl enerji" sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

“Qarabağ” yatağı Xəzər dənizinin cənub hövzəsində, Abşeron arxipelaqının şimal hissəsində yerləşir. Yataqda 1997-1998-ci illərdə Xəzər Beynəlxalq Neft Şirkəti konsorsiumu tərəfindən qazma işləri aparılıb. 2020-ci ildə SOCAR-ın və “Equinor” şirkətinin birgə qazma əməliyyatı vasitəsilə bu yataq məhz neft yatağı kimi kəşf edilib.

“Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar Risk Xidməti” (RXS) Sazişi 2018-ci il mayın 30-da SOCAR və "Equinor" şirkətləri arasında imzalanıb. Layihədə şirkətlərin hər biri 50 % paya malik idi.

“Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat, SOCAR-ın nefti, eləcə də Xəzər dənizi regionunun digər ölkələrinin nefti BTC boru kəməri ilə nəql olunur. BTC neft kəmərinin uzunluğu 1 768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1 076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 milyon tondan çoxdur.

Layihənin iştirakçıları BP (30,1 %); SOCAR (25 %); MOL (8,9 %); “Equinor” (8,71 %); TPAO (6,53 %); ENI (5 %); “Itochu” (3,4 %); “ExxonMobil” (2,5 %); INPEX (2,5 %), “TotalEnergies” (5 %) və “ONGCVidesh” (2,36 %) şirkətləridir.

Son xəbərlər

Bütün Xəbər Lenti