İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu AZS ISO/IEC 50001:2022 “Enerji menecment sistemləri - Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” dövlət standartını qəbul edib.
"Report" Dövlət Xidmətinə istinadən xəbər verir ki,standartın qəbulu ölkədə enerjidən istifadənin səmərəliliyinin yüksəldilməsi, enerji menecmenti sahəsinə dair tələblərin qabaqcıl beynəlxalq təcrübəyə uyğun formalaşdırılması, enerjidən səmərəsiz istifadənin qarşısının alınması, eləcə də bərpa olunan enerji növlərinin tətbiqi imkanlarının genişləndirilməsi məqsədi daşıyır.
Yeni standartın tətbiqi enerji effektivliyini artırmaq üçün zəruri olan sistemlər və proseslərin tətbiqinə imkan yaratmaqla, istehlakçılara və təşkilatlara maliyyə vəsaitlərinə və enerji resurslarına qənaət etməyə kömək edəcək.