Bakı Enerji Forumu çərçivəsində bu gün Şuşada təşkil edilmiş “Xalis sıfıra aparan yol: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji potensialının inkişafı” mövzusunda xüsusi sessiyada Energetika Nazirliyi Böyük Britaniyanın BP və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri ilə yeni sənədlər imzalayıb.
"Report" xəbər verir ki, bunlardan biri Əməkdaşlığa dair icra müqaviləsinə əlavə” sənədidir ki, ona energetika naziri Pərviz Şahbazov və BP-nin Regional prezidenti Qari Counz imza atıb.
Digər sənəd isə İcra müqaviləsidir ki, onu yenə də P.Şahbazov və "Masdar Clean Energy" şirkətinin icraçı direktoru vəzifəsini icra edən Fauaz Al Muharrami imzalayiblar.
Şuşa sessiyasında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi xüsusi qeyd edilib. Enerji ixrac marşrutları ilə yanaşı, enerji mənbələrinin şaxələndirilməsi siyasətində Azərbaycanın vacib rol oynadığı vurğulanıb, bu xüsusda Qarabağın və Şərqi Zəngəzurun "yaşıl enerji" potensialının önəmi diqqətə çatdırılıb.