“ElectroGas” energetika konsorsiumu “Siemens Projects Ventures” və “SOCAR Trading” şirkətlərinin iştirakı ilə Delimarada (Malta) qaz elektrik stansiyası tikintisi layihəsinin heç bir mərhələsində korrupsiya əlamətlərinin olmadığını göstərən müstəqil araşdırmanın nəticələrini açıqlayıb.
“Report” xəbər verir ki, 210 MVt gücündə yeni elektrik stansiyası və LNG-nin reqazifikasiyası terminalının tikintisi üzrə dəyəri 500 milyon avrodan çox olan layihəni “SOCAR Trading”in də üzvü olduğu “ElectroGas Malta” konsorsiumu həyata keçirib. Konsorsium “Siemens” və yerli investisiya şirkəti GEM ilə tərəfdaşlıq şəklində 2013-cü ildə Malta hökumətinin keçirdiyi tenderi qazanıb.
Şirkətin yaydığı bəyanatda qeyd olunur ki, 2019-cu ildə üç yeni direktorun təyin edilməsindən sonra onlar hərtərəfli daxili hüquqi və məhkəmə-tibbi ekspertizaya başlayıblar.
Şirkət rəhbərliyi səhmdar Yorgen Fenekin tutulması və Dafne Karuana Qalisiyanın – korrupsiya hallarının və yüksək çinli malatalı məmurların mütəşəkkil cinayətkarlıqla əlaqələrinin araşdırılması üzrə ixtisaslaşan maltalı jurnalistin öldürülməsində əli olması ittihamı ilə əlaqədar istefasından sonra dəyişib.
Fenek GEM holdinqinin səhmlərinin 33,34%-nə sahib olan “ElectroGas Malta” konsorsiumunun direktorlarından biri idi. “SOCAR Trading” və “Siemens Projects Ventures”in layihədə səhm payları isə 33,33%-ə bərabərdir.
“ElectroGas”ın yaydığı bəyanatda deyilir ki, daxili yoxlama tenderin keçirilməsi, elektrik stansiyasının inşası və əməliyyatlar zamanı hər hansısa qanun pozuntusu olduğuna dair heç bir dəlil aşkar etməyib.
Şirkətdən qeyd ediblər ki, bu açıqlamalar şirkətin hələ qazanc əldə etmədiyi üçün o mərhələdəki mənfəəti ilə bağlı mediada yayılmış spekulyasiyalara qarşı yönəlib.
Bəyanatda “ElectroGas”ın “Enemalta”ya LNG satışından qazanc əldə etmədiyi və bunun “keçid xərcləri” olduğu vurğulanıb. Bunun əvəzində şirkət elektrik stansiyasının istehsal etdiyi elektrik enerjisinə görə fiks ödəniş əldə edir, özü də ödəniş “Enemalta”nın ondan aldığı enerji miqdarından asılı olmadan eyni qalır.
Şirkətdən bildiriblər ki, “müstəqil enerji istehsalçısı” biznes-modeli adlanan bu tip sövdələşmələr irimiqyaslı enerji layihələri üçün adi hal olub.
Bəyanatda göstərildiyi kimi, LNG qiymətləri 14 aprel 2022-ci il tarixinədək beş il müddətinə sabit olaraq təsbit edilmişdi və yalnız bu tarixdən sonra qiymət əvvəlcədən razılaşdırılmış formul əsasında “üzən” qiymətə keçəcək.
Qeyd edək ki, 2015-ci ildə “ElectroGas Malta” elektrik stansiyasını təmin etmək məqsədilə SOCAR ilə Maltaya maye qaz tədarük etməkdə uzunmüddətli müstəsna hüquqlar verən müqavilə imzalayıb. LNG-nin ilk partiyası 2017-ci ilin yanvarında adaya çatdırılıb. Bununla da Maltada elektrik enerjisi istehsalı mənbəyi kimi mazutdan tamamilə imtina edilməsi üçün şərait yaradılıb. Daha əvvəl Malta Baş naziri Cozef Muskatın qeyd etdiyi kimi, bu, Malta əhalisi üçün elektrik enerjisi qiymətlərini 25%, atmosferə atılan zəhərli tullantıları isə 90% azaltmağa imkan verib.
Bununla yanaşı, “ElectroGas Malta” 18 il ərzində “Enemalta” dövlət energetika şirkətini elektrik enerjisi və təbii qazla təmin edəcək.
Xatırladaq ki, “SOCAR Trading”in iştirakı ilə Maltada 210 MVt gücündə yeni elektrik stansiyası və LNG-nin reqazifikasiyası terminalının tikintisi üzrə dəyəri 500 milyon avrodan çox olan layihənin həyata keçirilməsinə 2014-cü ilin dekabrında başlanılıb və 2017-ci ilin yanvarında başa çatdırılıb.