Ekspert: “Yeni OPEC+ sazişinə düzgün nəzarət olsa, bazar tənzimlənər”

Ekspert: “Yeni OPEC+ sazişinə düzgün nəzarət olsa, bazar tənzimlənər” “Baxmayaraq ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin əldə etdiyi razılaşmaya (OPEC+ sazişi) görə gündəlik hasilat kəsintiləri 9,7 mln. barel təşkil edəcək, amma hesab edirəm ki, il ərzində bazarın tənzimlənməsi çox çətin olacaq”.
Energetika
18 Aprel , 2020 16:39
Ekspert: “Yeni OPEC+ sazişinə düzgün nəzarət olsa, bazar tənzimlənər”

“Baxmayaraq ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin əldə etdiyi razılaşmaya (OPEC+ sazişi) görə gündəlik hasilat kəsintiləri 9,7 mln. barel təşkil edəcək, amma hesab edirəm ki, il ərzində bazarın tənzimlənməsi çox çətin olacaq”.

Bunu “Report”a enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib.

Ekspert hazırda neftin qiymətini OPEC+ sazişinin qüvvədən düşməsi və koronavirusun törətdiyi fəsadların təhdid altına aldığını qeyd edib. “OPEC+ sazişinin qüvvədən düşməsinin ardınca yeni bazarlar uğrunda mübarizənin kəskinləşməsi, neft ixrac edən dövlətlər tərəfindən neft bazarına davamlı intervensiya və dempinq siyasəti bazarlarda tələbatdan artıq neft həcmlərinin formalaşmasına səbəb oldu. Qeyd edilən faktorlar səbəbindən son 50 ildə neft bazarları belə ciddi problemlə üzləşməmişdi. Hətta 2014-cü ilin avqust ayından başlayaraq dünya bazarında neftin kəskin ucuzlaşmasından  cəmi iki il sonra, 2016-cı ildən bazarın tənzimlənməsində böyük üstünlüklərə nail olundu”,- Z.Vəliyev vurğulayıb.

Onun sözlərinə görə, 2016-cı ildən bazarın tənzimlənməsində ən uğurlu format OPEC+ olub. Ekspertin fikrincə, hətta mart ayının 6-na kimi qüvvədə olan OPEC+ sazişi çərçivəsində də bazarı tənzimləmək mümkün idi. “Ötən ilin dekabrından OPEC+ sazişi çərçivəsində qəbul edilmiş gündəlik 1,7 mln. barel azalma, Səudiyyə Ərəbistanının könüllü olaraq ona təyin edilmiş gündəlik hasilat kvotasından əlavə gündəlik 400 min barel kəsinti və mart ayının 6-da OPEC+ iclasında təklif edilən gündəlik 1,5 mln. barel azalma, yəni gündəlik 3,6 mln. barel kəsinti ilə koronavirusun törətdiyi fəsadlara baxmayaraq, bazarı mart ayından bu günə kimi normal olmasa da, orta səviyyədə tənzimləmək mümkün idi. Lakin mart ayında sazişin birtərəfli qaydada qüvvədən düşməsi bazar uğrunda mübarizəni daha da kəskinləşdirdi və qiymət müharibəsi çərçivəsində edilən dempinq siyasəti bazarda tələbatdan artıq kifayət qədər neft həcmlərinin formalaşmasına səbəb oldu. Hazırda dünyanın 187-dən çox ölkəsində neftə və neft məhsullarına tələbat kəskin şəkildə aşağı düşüb”, - o əlavə edib.

Ekspert qeyd edib ki, indi qlobal neft bazarları elə bir səviyyədədir ki, hər hansı proqnoz vermək çox çətindir: “Beynəlxalq Enerji Agentliyinin hesabatında da qeyd edilmişdi ki, qlobal neft bazarları üçün ən çətin dövr may və iyun aylarına təsadüf edəcək. May ayında neftə olan gündəlik tələbat 29 mln. barel aşağı düşəcək. Yəni 2019-cu ilin analoji ayında neftə gündəlik tələbat 99,9 mln. barel idisə, indiki proqnoz 70,9 mln. barel qiymətləndirilir. Vəziyyət elədir ki, hazırda həm də neft emalı zavodları xammalla yüklənməni 50-60% aşağı salıb. Bu gün emal güclərinin gündəlik neftə olan tələbatı keçən ilin analoji dövründən 7,6-7,5 mln. barel azalmaqla, orta hesabla 74 mln. barel civarındadır.

Digər tərəfdən ən çətin vəziyyət ondan ibarətdir ki, strateji və kommersiya təyinatlı neft ehtiyatları arasında yerləşən sərbəst həcmlər də tükənmək üzrədir. Burada söhbət nəql gücləri, yataqlar arasında birləşdirici kəmərlər, dəmiryolu sisternləri və neft daşıyan tankerlərdən (VLCC, Aframax və Suezmax) gedir. Belə olan halda, bazarın tənzimlənməsində çox ciddi problemlər yaranır.

Məsələn, Rusiyanın əksər enerji şirkətləri məlumat yaydılar ki, artıq emal güclərində sərbəst güclər tükənmək üzrədir və istehsal etdikləri açıq neft məhsullarının bir hissəsini dəmiryol sisternlərində saxlamağa məcburdurlar. Analoji problemlə Hindistandakı neft emalı gücləri üzləşib. Burada 4 neft emalı zavodundan bəyan ediblər ki, artıq emal gücü 50% civarına endirilib”.

Ekspert bildirir ki, belə davam edərsə, əksər neft emalı zavodları emal prosesini qismən saxlamalı olacaq, yaxud qrafikdə nəzərdə tutulmamış texniki baxışa dayandırılacaq.

Bütün bunların yaxın iki ay ərzində neft bazarlarını tənzimləməkdə çətinlik yaradacağını bildirən ekspert qeyd edib ki, yalnız may ayının 1-dən başlayaraq OPEC və müttəfiq dövlətlərin əldə etdikləri kəsintilərlə bağlı saziş düzgün tənzimlənərsə, onda ilin sonuna kimi bazarın tənzimlənməsində müəyyən üstünlükləri əldə etmək olar. Lakin o burada da müəyyən problemlər olduğunu hesab edir. “Mart ayının ikinci həftəsindən başlayaraq Fars körfəzi üçlüyünün, həm Səudiyyə Ərəbistanı, həm Birləşmiş Ərəb Əmirlikləri, həm də Küveytin ixrac həcmlərində əhəmiyyətli dərəcədə artımlar müşahidə olunub, onlar bazara tələbatdan artıq neft həcmləri çıxarırlar. Hazırda Səudiyyə Ərəbistanın gündəlik neft ixracı 9,3 mln. bareldən çoxdur. May ayından qüvvəyə minəcək yeni OPEC+ sazişinin şərtlərinin icrasında da problemlər müşahidə olunacaq. Çünki saziş imzalayan dövlətlərin əksəriyyətində koronavirus pandemiyası müşahidə olunur. Belə olan şəraitdə həmin dövlətlər daxili tələbatda istifadə etdikləri neft həcmlərinin bir hissəsini xarici bazara çıxarmağa məcbur olacaqlar. Yeni sazişdə ixrac həcmlərinin azaldılması ilə bağlı bir şərt yoxdur, yalnız hasilat həcmlərinin azaldılması ilə bağlı öhdəliklərdir. Belə olanda bazarı tənzimləmək çətin olacaq”, - Z.Vəliyev qeyd edib.

Onun fikrincə, yalnız həm ixrac, həm də hasilat həcmlərinə dəqiq nəzarət mexanizmi qoyularsa, onda ilin sonuna kimi bazarın tənzimlənməsinə, yəni tələb-təklif balansının qismən təmin edilməsinə nail olmaq olar. 

Son xəbərlər

Orphus sistemi