Ekspert: “Dövlət subsidiyaların yükünü azaltmalıdır”

Ekspert: “Dövlət subsidiyaların yükünü azaltmalıdır” Tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımınına yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcək və kompensasiyalar artırılacaq
Energetika
5 Yanvar , 2021 16:13
Ekspert: “Dövlət subsidiyaların yükünü azaltmalıdır”

"Tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımınına yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcək. Bununla yanaşı, dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq, hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə də yenidən baxılacaq. Dövlət bunu da istisna etmir və bununla bağlı müvafiq tədbirlər görüləcək. Bunun üçün kompensasiyalar artırılacaq. Ancaq yenə də gündəmdə subsidiyalar qalacaq”.

Bunu “Report”a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji sahəsi üzrə ekspert İlham Şaban bildirib.

İ.Şabanın fikrincə, dövlət o cür iqtisadi məkan yaratmalıdır ki, getdikcə dövlət subsidiyalardan yükünü azaldıb, bunu bazar reysləri üzərinə keçirsin.

O hesab edir ki, daxili bazarda yanacağın qiymətinin artırılması ilə bağlı Tarif (qiymət) Şurası öz məlumatında ictimaiyyət üçün kifayət qədər geniş açıqlama verib. Bu məlumatlarda qiymət artımının hansı zərurətdən yaranması göstərilıib: "Bunlardan birincisi, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müraciətində göstərilib ki, Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılması həmin məhsulların keyfiyyətin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi ilə əsaslandırılıb: “Qeyd edilib ki, 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin “Euro-5” standartına tam uyğunlaşdırılması nəzərdə tutulur. Tarif Şurasının iclasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb”.

İ.Şaban xatırladıb ki, təbii qazın qiymət artımı təklifinin iqtisadi cəhətdən əsaslandırılmasına baxmayaraq, aparılan sosial siyasət nəzərə alınaraq, Tarif Şurası təbii qazın tariflərinin artırılmasını məqsədəmüvafiq hesab etməyib.

Onun sözlərinə görə, bundan başqa, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi böyük vəsait tələb edir: “Təbii ki, bu pulu kim və haradan verməlidir? Bu pulu ya dövlət subsidiya olaraq verməlidir ki, indiki şəraitdə də bu müsbət qarşılanmır. Digər tərəfdən, bu istehlakçıların üzərinə düşməlidir. Yəni, istehlakçı nə qədər çox istifadə edirsə, bir o qədər çox pul ödəməlidir”.

Ekspertin fikrincə, ikinci tərəfdən, dövlət özü də başa düşür ki, qiymət artımı iqtisadiyyatın müəyyən hissələrinə neqativ təsirləri olacaq: “Hətta Tarif Şurasının məlumatında da bu qeyd edilir".

Qeyd edək ki, tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır. Belə ki, hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Rusiyada orta hesabla 1 manat, Ukraynada 1,72 manat, Belarusda 1,14 manat, Gürcüstanda 1,12 manat təşkil edir. Dizel yanacağının qiyməti isə 1 litr üçün Türkiyədə 1,44 manat, Rusiyada 1,12 manat, Ukraynada 1,72 manat, Belarusda 1,21 manat, Ermənistanda 1,19 manat, Gürcüstanda 1,15 manat səviyyəsindədir.

Son illərdə Azərbaycana avtomobil idxalı əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2018-ci ildə 28 876, 2019-cu ildə 47 710, 2020-ci ilin 11 ayında isə 47 841 avtomobil idxal edilib. İdxalın artmasına paralel olaraq, benzinə və dizelə tələbat da yüksəlib.

Dizel yanacağı üzrə sonuncu qiymət tənzimlənməsi 02.12.2013-cü il, Aİ-92 markalı benzin üzrə isə 14.07.2017-ci il tarixlərində aparılıb. Həmin dövrlərdə ölkə üzrə orta aylıq əmək haqqı müvafiq olaraq 425,1 manat və 528,5 manat təşkil edib. 2013-2020-ci illərdə ölkədə orta aylıq əmək haqqı 66 %, pensiyalar 73 % artıb. Keçən ilin 10 ayında (yanvar-oktyabr) orta aylıq əmək haqqı 704,5 manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi