Ekspert: “Azərbaycan enerji böhranı yaşayan Şərqi Avropanın əsas xilaskarlarındandır”

Ekspert: “Azərbaycan enerji böhranı yaşayan Şərqi Avropanın əsas xilaskarlarındandır” Azərbaycan neft-qaz ehtiyatlarına görə dünyada ilk onluğa düşməsə də, dünyanın enerji təhülkəsizliyinin təmin olunmasında vacib zamanda vacib səviyyədə tutduğu mövqeyə görə nəinki ilk onluğa, hətta ilk beşliyə düşən ölkələrdən biridir.
Energetika
31 May , 2023 19:18
Ekspert: “Azərbaycan enerji böhranı yaşayan Şərqi Avropanın əsas xilaskarlarındandır”

Azərbaycan neft-qaz ehtiyatlarına görə dünyada ilk onluğa düşməsə də, dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib zamanda vacib səviyyədə tutduğu mövqeyə görə nəinki ilk onluğa, hətta ilk beşliyə düşən ölkələrdən biridir.

Bu barədə “Report”a açıqlamasında enerji məsələləri üzrə ekspert Eldəniz Əmirov deyib.

O bildirib ki, xüsusilə də Şərqi Avropa ölkələri üçün Azərbaycan lazımi vaxtda lazımi dəstəyi göstərib:

“Azərbaycan neft ehtiyatlarına görə dünyada 20-ci yerdədir və qaz ehtiyatlarına görə də ABŞ, İran, Rusiya, Qətər kimi ölkələrlə müqayisədə çox öndə hesab edilə bilməz. Nəzərə alsaq ki, Avropanın 500 milyard kubmetr qaza ehtiyacı var və Azərbaycan Aİ ölkələrinə qaz ixracını 20 milyard kubmetrə çatdıracaq, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rol 4-5 % həcmində qiymətləndirilir. Amma biz Avropanın çox vacib nöqtələrini qazla təmin edirik. Məsələn, Qərbi Avropa ölkələri okean üzərindən ABŞ-ın mayeləşdirilmiş təbii qazı (LNG) və Norveç qazı ilə təchiz olunur. Şərqi Avropa ölkələri isə məhz Azərbaycan qazına daha çox ehtiyac duyur. Cənub Qaz Dəhlizi bu təchizatı həyata keçirməyə imkan verir. Bu dəhlizin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) isə Yunanıstan və Türkiyə sərhədindən başladığına görə, Yunanıstanın şimal qonşuları Rumıniya, Macarıstan, Slovakiya daxili qaz şəbəkələri vasitəsilə Azərbaycan qazını nəql edə bilir. Bu şəbəkələri paralel olaraq yeniləmək və genişləndirmək imkanları da reallaşdırılır ki, Azərbaycan qazı interkonnektorlar vasitəsilə həmin ölkələrə nəql olunsun”.

Ekspert Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində addımlarının ABŞ tərəfindən də müsbət qarşılandığını ön plana çəkib:

“Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Avropa ölkələri kəskin enerji böhranı yaşamağa başladı. Bu böhran zamanı nəinki 10-a yaxın Avropa ölkəsindən Azərbaycan qazının tədarükü ilə bağlı müraciət daxil olub, hətta ölkə başçımızın bu istiqamətdə fəaliyyətini ABŞ prezidenti Cozef Bayden də müsbət qarşıladı. Çünki ABŞ-ın bir növ təkidi ilə Avropanın bir çox ölkəsi sanksiyalara qoşularaq Rusiyanın enerji resurslarından imtina edir. Həmin ölkələr ABŞ-ın başladığı kampaniyadan kənarda qala bilməməklə bərabər enerjisiz də qala bilməz. Belə vəziyyətdə Azərbaycan bu ölkələrin dadına çatdı. Azərbaycanın xüsusilə də Şərqi Avropa ölkələrinin enerji təchizatında yardımçı mövqe sərgiləməsi bu ölkələrin ABŞ-a qarşı neqativ baxışlarının da azalmasına kömək etdi. Buna görə ABŞ prezidenti son üç məktubunun hər birində məhz enerji təhlükəsizliyi sahəsində Azərbaycanın oynadığı rola görə Prezident İlham Əliyevə təşəkkür etmişdi”.

E. Əmirov vurğulayıb ki, Azərbaycan həm də alternativ enerji strategiyasını tətbiq etməyə başlayıb: "Bununla bağlı Gürcüstan, Rumıniya və Macarıstanla Buxarestdə "yaşıl enerji" sahəsində strateji tərəfdaşlığa dair Saziş imzalandı. Nəticədə Azərbaycanda alternativ enerji mənbələri hesabına istehsal olunacaq elektrik enerjisi Qara dənizin dibi ilə Avropaya ixrac olunacaq. Azərbaycanın bu layihəni gerçəkləşdirmək potensialı var. Bura 27 geqavatlıq günəş, 157 geqavatlıq külək, işğaldan azad edilən ərazilərdə 210 geqavatlıq alternativ enerji potensialı aiddir. Sözügedən potensial mövcud texnoloji vasitələrlə dəstəklənir. Gələcəkdə bu potensialın daha yuxarı olacağı şübhəsizdir".

Ekspert əlavə edib ki, Azərbaycanda potensial var, istək var, iradə var, etibarlılıq var, tərəfdaşlıq var, bir sözlə, hər şey var: "Buna görə də, neft və qaz strategiyamız kimi alternativ enerji strategiyamızın da uğur qazanacağına şübhə etmirəm”.

Son xəbərlər

Orphus sistemi