“EKOL Mühəndislik Xidmətləri”nin xalis mənfəəti 4 dəfə azalıb
- 23 iyun, 2023
- 05:40
Yeniliklərdən dərhal xəbərdar olun!
“EKOL Mühəndislik Xidmətləri” QSC 2022-ci ili 1,856 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 3,6 dəfə azdır.
Ötən il “EKOL Mühəndislik Xidmətləri”nin əməliyyat gəlirləri 40,905 milyon manat (əvvəlki ilə nisbətən 23 % çox), əməliyyat xərcləri isə 36,672 milyon manat (54,8 % çox), o cümlədən əmək haqqı və məcburi dövlət sosial sığorta xərcləri 21,803 milyon manat (48,4 % çox), istifadə etdiyi xammal və materialların dəyəri 2,847 milyon manat (8 % az), köhnəlmə və amortizasiya xərcləri 3,128 milyon manat (7,8 % çox), subpodratçıların göstərdiyi xidmətlərin dəyəri 1,628 milyon manat (17,3 dəfə çox), kommunal xərcləri 685 min manat (34,8 % çox ), birgə müəssisədəki investisiyanın dəyərsizləşməsi üzrə zərəri 279 min manat (əvvəlki il olmayıb), icarə xərcləri 3 min manat (5,7 dəfə az), sair xərcləri 6,299 milyon manat (2,6 dəfə çox) təşkil edib.
Bundan başqa, şirkətin sair gəlirləri 426 min manat (41,6 % az), birgə müəssisənin maliyyə nəticələrindəki pay hesabına gəlirləri 291 min manat (3,1 dəfə az), faiz xərcləri isə 1,902 milyon manat (22,2 % az) olub. Səhmdar cəmiyyəti həmçinin illik müqayisədə 40,3 % az – 1,192 milyon manat mənfəət vergisi ödəyib.
Bu il yanvarın 1-nə “EKOL Mühəndislik Xidmətləri”nin aktivləri 43,681 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 7,2 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 19,1 % azalaraq 22,17 milyon manata düşüb, balans kapitalı isə 9,4 % artaraq 21,511 milyon manata çatıb.
Xatırladaq ki, “Ekol Mühəndislik Xidmətləri” 2006-ci ilin mart ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR - 51%) və xarici investor “Lancer Services S.A.” şirkətinin (49%) birgə iştirakı ilə təsis edilib. Onun nizamnamə kapitalı 4,072 milyon manatdır. Müəssisənin fəaliyyətinin əsas məqsədi respublika hüdudlarından kənarda və respublika daxilində müasir texnologiyalardan istifadə edilməklə ətraf mühitin mühafizəsi istiqamətində: sənaye çirkab, məişət-fekal və tullantı sularının təmizlənməsi, neftşlamın zərərsizləşdirilməsi, neftlə çirklənmiş torpaqların rekultivasiyası və reabilitasiyasının həyata keçirilməsi, antropogen təsirlərin nəticəsində yaranan fəsadların aradan qaldırılması, müəssisələrin fəaliyyətlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, icmalının aparılması, ekoloji texniki-normativ sənədlərin işlənməsi kimi ekoloji yönümlü xidmətlərin göstərilməsindən ibarətdir.