EIA bu il üçün Azərbaycanda orta gündəlik neft hasilatı proqnozunu azaldıb
- 13 aprel, 2022
- 05:50
2022-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 710 min barel təşkil edəcəyi proqnozlaşdırılır.
“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının aprel sayına istinadən xəbər verir.
Bu il üçün neft hasilatı üzrə proqnoz daha öncə mart ayında verilən proqnozdan 20 min barel və ya 2,74 % azdır.
2022-ci ilin ikinci rübündə Azərbaycanda gündəlik neft hasilatı 710 min barel olacağı gözlənilir. Agentliyin hesabatına əsasən, bu, EIA-in mart hesabatında verilən proqnozla müqayisədə 30 min barel və ya 4,05 % azdır. 2021-ci ilin ikinci rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən isə 10 min barel və ya 1,43 % çoxdur.
Agentlik hesab edir ki, 2022-ci ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 730 min barel olacaq. Bu da daha əvvəlki mart ayının proqnozu ilə müqayisədə eynidir. Bu proqnoz 2021-ci ilin üçüncü rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən 20 min barel və ya 2,82 % çoxdur.
2022-ci ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 720 min barel olacağı açıqlanıb. Bu da qurum tərəfindən mart ayında açıqlanan proqnozla müqayisədə 10 min barel və ya 1,37 % azdır. 2021-ci ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən isə 10 min barel və ya 1,41 % çoxdur.