“Dünyada enerji resurslarından səmərəli istifadə ilə bağlı investorlar üçün bir sıra imkanlar mövcuddur”.
“Report” xəbər verir ki, bunu Dünya Energetika Şurasının Baş katibi Angela Vilkinson Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatı (CAREC) ölkələrinin Enerji İnvestsiya Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda dünyada investorlar daha çox dəyərli texnologiyalara, enerji istehsalına investisiya edirlər: “Lakin bu dünyada istehsalın 20 %-ini təşkil edir, 80 % potensial isə itkiyə məruz qalır, deməli bu 80 %-i reallaşdırmaq mümkündür. Biz insanlarda maarifləndirməni inkişaf etdirə bilsək, insanlar, investorlar enerji resurslarından səmərəli istifadə ilə bağlı imkanları, fürsətləri görə bilərlər”.
A.Vilkinson əlavə edib ki, energetika sektoru insanların həyatları üçün fayda verir: “Enerji resurslarından düzgün istifadə etməliyik ki, planetimizi məhv etməyək. Energetika sahəsinin gələcəyinə bütövlükdə baxmalıyıq. Bu sahədə bütün yeni texnologiyalar daha yaxşı həyat vəd edir. Biz həmişə deyirik ki, innovasiya yeni istiqamət müəyyən edir. Əsas məsələ yeni texnologiyaların meydana gəlməsi deyil, onlardan necə düzgün formada istifadədir”.
Xatırladaq ki, bu gün CAREC ölkələrinin enerji forumu öz işinə başlayıb. Azərbaycanı forumda energetika naziri Pərviz Şahbazov təmsil edir.
Forumun keçirilməsində məqsəd Mərkəzi Asiya ölkələrinin enerji sektorunda yeni investisiya imkanlarını araşdırmaqdır. Enerji İnvestisiya Forumu Mərkəzi Asiyada özəl investisiyaların həyata keçirilməsinə imkan verən ən qabaqcıl tədbirdir. 2030-cu ilə qədər regionda enerji sektoruna təxminən 400 milyard ABŞ dolları dəyərində investisiya lazımdır. Mərkəzi Asiya ölkələri etiraf edirlər ki, təkcə dövlət sektoru bu maliyyələşdirməni qarşılaya bilməyəcək. Bu istiqamətdə forum regiona investorları cəlb etmək üçün əsas vasitə kimi fəaliyyət göstərir.