Belqrad yaxın zamanda Serbiyanın Niş şəhəri yaxınlığında qaz elektrik stansiyasının inşası üzrə Bakı ilə Əməkdaşlıq Memorandumunun imzalanmasına ümid edir.
“Report” xəbər verir ki, bunu Serbiyanın mədənçilik və energetika naziri Dubravka Djedoviç Handanoviç Belqradda Azərbaycanın iqtisadiyyat nazirinin müavini Anar Axundov və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndə heyəti ilə görüşdə bildirib.
"Dubravka Djedoviç Niş yaxınlığında qaz elektrik stansiyasının tikintisinin Serbiya üçün strateji əhəmiyyət daşıdığını bildirib. O, bu layihə üzrə Azərbaycan tərəfi ilə əməkdaşlıq memorandumunun yaxın zamanda imzalanacağına ümid edir", - Serbiyanın Mədən və Energetika Nazirliyinin mətbuat xidmətinin məlumatında qeyd olunub.
Nazir vurğulayıb ki, layihə Serbiyanın elektrik enerjisi ilə təmin edilməsi və təchizatın etibarlılığının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir və iki ölkəyə 2023-cü ildə başlanmış qaz təchizatı sahəsində strateji tərəfdaşlığı gücləndirməyə imkan verəcək.
O bildirib ki, bu elektrik stansiyasının tikintisi Serbiyanın yeni "Enerji İnkişafı Strategiyası və İnteqrasiya olunmuş Milli Enerji və İqlim Planı"nda prioritet layihələrdən biridir və iki ölkənin prezidentlərinin görüşləri zamanı müzakirə olunub.
D.Handanoviç vurğulayıb ki, birgə layihənin həyata keçirilməsi üzrə növbəti addımlar MGPE və EPS, “Srbijagas” və SOCAR enerji şirkətləri arasında dialoq vasitəsilə müəyyən ediləcək.
Görüşdə, həmçinin EPS-in baş direktoru Duşan Jivkoviç və “Srbijagas”ın baş direktoru Duşan Bayatoviç də iştirak edib.
Xatırladaq ki, Serbiya Prezidenti Aleksandr Vuçiç daha əvvəl bildirmişdi ki, Bakı ilə Belqrad arasında enerji sahəsində əməkdaşlıq və qaz elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar prosesi Serbiya üçün çox vacibdir.