Şmıqal: "Ukrayna Avropaya elektrik enerjisinin tranziti ilə bağlı Bakı və Ankara ilə danışıqlar aparır"

Energetika
  • 01 iyun, 2026
  • 15:35
Şmıqal: Ukrayna Avropaya elektrik enerjisinin tranziti ilə bağlı Bakı və Ankara ilə danışıqlar aparır

Ukrayna Avropaya elektrik enerjisinin tranziti ilə bağlı Azərbaycan və Türkiyə ilə danışıqlar aparır.

"Report"un məlumatına görə, bu barədə Ukrayna Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal 31-ci Bakı Enerji Forumu çərçivəsində bəyan edib.

Onun sözlərinə görə, Ukrayna enerji inteqrasiyası sahəsində Avropa tərəfdaşları ilə əməkdaşlığı fəal şəkildə inkişaf etdirir. O qeyd edib ki, Avropanın enerji sisteminə qoşulduqdan sonra ölkə səylərini elektroenergetika və qaz sahəsində Avropa bazarı ilə şəbəkələrarası əlaqələrin inkişafına yönəldib.

"Hazırda əsas diqqətimiz həm elektroenergetika, həm də qaz sahəsində böyük Avropa bazarı ilə şəbəkələrarası əlaqələrin inkişafına yönəlib. Bu kontekstdə çox yaxşı əməkdaşlığımız qurulub və Ukraynanın bütün enerji növləri üçün Avropa qapısı kimi istifadəsi məsələsində Azərbaycan və Türkiyə ilə danışıqlar aparılır. Bu, bizim böyük qaz anbarlarımız və çox güclü elektroenergetika şəbəkəmiz sayəsində mümkündür", - deyə o vurğulayıb.

Eyni zamanda, nazirin sözlərinə görə, müharibə şəraitində enerji infrastrukturunun dayanıqlığının artırılması xüsusi əhəmiyyət kəsb edir: "Bunun üçün ölkə elektrik enerjisi istehsalı sisteminin mərkəzsizləşdirilməsini həyata keçirir, enerji təchizatının təşkilində yeni yanaşmalar tətbiq edir və qaz istehsalı həcmlərini artırır".

O bildirib ki, Ukraynanın enerji strategiyasına əsasən, gələcəkdə qaz generasiyasının payı ümumi elektrik enerjisi istehsalının ən azı 25 %-ni təşkil etməlidir.

Nazir neft və qazın həm Ukrayna, həm də Avropa üçün strateji əhəmiyyətli resurslar olaraq qaldığını vurğulayıb və Xəzər regionu ölkələrini və digər tərəfdaşları enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə çağırıb.