CQBK-nın ötürücülük gücü 40 %-dən çox artırılacaq

Energetika
  • 07 iyun, 2024
  • 08:48
CQBK-nın ötürücülük gücü 40 %-dən çox artırılacaq

Cənubi Qafqaz Boru Kəmərinin (CQBK, Bakı-Tbilisi-Ərzurum) ötürücülük gücü ildə 34 milyard kubmetrə çatdırıla bilər.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) materiallarında məlumat verilib.

“Gücü ildə 7,4 milyard kubmetr olan Cənubi Qafqaz Boru Kəməri 2006-cı ildə istismara verilib. 2018-ci ildə CQBK-nin gücü ildə 24,04 milyard kubmetrə çatdırılıb. Eyni zamanda, gələcəkdə bu qaz kəmərinin ötürücülük qabiliyyəti ildə 34 milyard kubmetrə çatdırıla bilər”, - şirkət qeyd edib.

SOCAR-ın məlumatına görə, 2024-cü il mayın 1-nə “Şahdəniz” yatağının işlənməsinin 1-ci mərhələsi və 2-ci mərhələsi çərçivəsində hasil edilən və CQBK vasitəsilə nəql olunan qazın ümumi həcmi 92,5 milyard kubmetr təşkil edib.

Eyni zamanda, bütün dövr ərzində CQBK vasitəsilə Gürcüstana 13,1 milyard kubmetr Azərbaycan qazı, Türkiyəyə isə 79,4 milyard kubmetr Azərbaycan qazı nəql edilib.

Hazırda “Şahdəniz” yatağından qaz və kondensat hasilatı 1-ci mərhələ çərçivəsində “Alfa” platformasından və 2-ci mərhələ çərçivəsində “Bravo” platformasından həyata keçirilir. “Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabrında başlanılıb.

Cənubi Qafqaz Boru Kəmərinin uzunluğu 691 km-dir ki, bunun da 443 km-i Azərbaycanda, 248 km-i isə Gürcüstandadır.