Mayın 26-da Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə təməli qoyulmuş “Cəbrayıl” enerji qovşağı beynəlxalq enerji dəhlizinin yaradılması sahəsində ölkəmizin əhəmiyyətinin bariz nümunəsidir.
"Report" ərazidən fotoreportajı təqdim edir.
Qovşaq Cəbrayıl-Naxçıvan-Ağrı (Türkiyə) yarımstansiyalarına, oradan isə Türkiyə enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə etmək, 1 000 meqavat yükötürmə qabiliyyətinə malik olmaqla ixrac imkanlarını artırmaq, uzun illər sonra Naxçıvan MR-i Azərbaycanın ümumi enerjisisteminə qoşmaq, “Xudafərin” və “Qız Qalası” Su Elektrik stansiyalarının, o cümlədən “BP Cəbrayıl” Günəş Elektrik Stansiyasının enerjisistemə inteqrasiyasını həyata keçirmək üçün böyük əhəmiyyət kəsb edir.
Bir çox dövlətlərin marağında olduğu və beynəlxalq əhəmiyyət kəsb edən Azərbaycan-Türkiyə-Avropa ölkələrarası layihənin həyata keçirilməsi üçün üçmərhələli planlaşdırma aparılıb. Bunun üçün birinci mərhələdə istismar müddəti başa çatan və işğaldan azad edilən ərazilərə ən yaxın məsafədə yerləşən 330 kilovoltluq “Ağcabədi” və “İmişli” yarımstansiyaları genişləndirilərək tamamilə yenidən qurulacaq.
“Ağcabədi” yarımstansiyasından 132, “İmişli” yarımstansiyasından isə 130 kilometr məsafədə Cəbrayıla yüksək gərginlikli 330 kilovoltluq ötürmə xətti çəkiləcək. Ən əsası isə Cəbrayılda 330 kilovoltluq qovşaq yarımstansiyası tikiləcək. “Cəbrayıl” enerji qovşağının inşası nəticəsində Qarabağ və Şərqi Zəngəzurun yeni yaradılmış ötürücü elektrik şəbəkəsinin etibarlılığı və dayanıqlılığı artırılacaq. İkinci mərhələdə Naxçıvanın ölkənin əsas enerjisistemi ilə əlaqələndirilməsi üçün “Cəbrayıl” qovşaq yarımstansiyasından Zəngəzur dəhlizini keçməklə muxtar respublikanın Şahtaxtı kəndinə 255 kilometr məsafədə ikidövrəli olmaqla 330 kilovoltluq ötürmə xətti çəkiləcək və 330 kilovoltluq “Şahtaxtı” yarımstansiyası tikiləcək. Üçüncü mərhələdə isə Azərbaycan, Naxçıvan, Türkiyə və Avropa enerji qovşağının yaradılması üçün Naxçıvanın Türkiyəyə yaxın ərazisində 330 kilovoltu 400 kilovolta keçirmək üçün Avropa enerji standartlarına uyğun əlavə çevirici yarımstansiya inşa ediləcək və Naxçıvandan Türkiyəyə 230 kilometr məsafədə ikidövrəli 400 kilovoltluq elektrik verilişi xətti çəkiləcək.
Diqqətə çatdırıldı ki, “Cəbrayıl” yarımstansiyasının rəqəmsal idarəetmə sistemi yaradılacaq. Yarımstansiyada 330 və 110 kilovoltluq açıq, 10 kilovoltluq qapalı paylayıcı qurğular və müasir idarəetmə mərkəzi inşa olunacaq. Mövcud layihələrin yarımstansiyaya inteqrasiyası ilə bərabər, gələcəkdə burada genişlənmə imkanları nəzərə alınmaqla əlavə əsas və köməkçi qurğuların yerləşməsi də nəzərə alınacaq.
Foto: Vüqar Xanlarov