Birinci rübdə AÇG-dən hasilat 10 % azalıb
- 04 may, 2023
- 11:45
Bu ilin yanvar-mart aylarında Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunda gündəlik orta hesabla 386 min barel və ya ümumilikdə təxminən 35 milyon barel, yəni 5 milyon ton olub.
“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə bu ilin ilk rübü üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Hesabat dövründə AÇG-dən ümumi hasilat – “Çıraq” (24,1 min barel), “Mərkəzi Azəri” (100 min barel), “Qərbi Azəri” (93,3 min barel), “Şərqi Azəri” (64,2 min barel), “Dərinsulu Günəşli” (69,4 min barel) və “Qərbi Çıraq” (35 min barel) platformalarından təşkil edib.
I rübdə AÇG-dən hasilatın həcmi ötən ilin müvafiq dövründən 10,25 % azdır.
Rübün sonunda AÇG-də ümumilikdə 139 neft hasilat quyusu, 42 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.
Birinci rübdə AÇG-də 2 neft hasilatı və 2 su injektor quyusu tamamlanıb.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.