Bu ilin II rübündə “Şahdəniz”in şərq-cənub hissəsində hasilat başlayacaq

Bu ilin II rübündə “Şahdəniz”in şərq-cənub hissəsində hasilat başlayacaq ​​​​​​​2020-ci il ərzində “Şahdəniz-2” layihəsi şərq-cənub cinahından qaz hasilatının başlanması üzrə bir sıra mühüm işləri başa çatdırmağa nail olub
Energetika
4 Fevral , 2021 12:15
Bu ilin II rübündə “Şahdəniz”in şərq-cənub hissəsində hasilat başlayacaq

2020-ci il ərzində “Şahdəniz-2” layihəsi şərq-cənub cinahından qaz hasilatının başlanması üzrə bir sıra mühüm işləri başa çatdırmağa nail olub.

“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə 2020-ci ilin nəticələri üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Məlumata görə, "İsrafil Hüseynov" borudüzən gəmisi hər biri 18,3 km uzunluğunda olan iki dərinsulu axın xətlərinin mexaniki quraşdırılmasını təhlükəsiz şəkildə başa çatdırıb. Axın xətlərinin birləşdirmə blokunun quraşdırılması və digər sualtı quraşdırma işləri "Xankəndi" sualtı tikinti gəmisi vasitəsilə uğurla yerinə yetirilib.

Dərinsulu şərq-cənub cinahından (suyun 540 m dərinliyində) hasilatın başlanması dənizdə quraşdırma və istismar sınaqları bitdikdən sonra 2021-ci ilin ikinci rübünə planlaşdırılır. Digər iki dərinsulu cinahdan (qərb-cənub və şərq-şimal) hasilatın başlanması gələcək illərə planlaşdırılır və hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsinə nail olmağı təmin edəcək.

2020-ci ildə “Şahdəniz Alfa” platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.

"İstiqlal" qazma qurğusu SDF03 quyusunda sualtı tamamlama işlərinə başlayıb. “Maersk Explorer” qurğusu SDF05 quyusunu bitirərək konservasiya edib və SDH03 quyusunun alt hissəsini qazmağa başlayıb.

Bu iki qurğu “Şahdəniz-2” hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 20 quyu qazıb və bunlardan 16-sını tamamlayıb - yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb cinahın cənub hissəsində iki quyu, şərq cinahın şimal hissəsində iki quyu tamamlanıb; qərb cinahın cənub hissəsində iki quyu tam dərinliyədək qazılıb və konservasiya olunub. Qazma işləri hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 28,8 %), "AzSD" (10 %), "SGC Upstream" (6,7 %), "Petronas" (15,5 %), "LUKoil" (10 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi