Bu ilin I rübündə Azərbaycan neft ixracını 7 %-ə yaxın azaldıb

Energetika
  • 08 aprel, 2024
  • 12:31
Bu ilin I rübündə Azərbaycan neft ixracını 7 %-ə yaxın azaldıb

Bu ilin birinci rübündə Azərbaycandan ümumilikdə xarici ölkələrə 6 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü ilin yanvar-mart ayları üzrə açıqladığı operativ məlumatlarında deyilir.

Bildirilir ki, bu, 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 0,4 milyon ton və ya 6,7 % azdır.

Bu ilin ilk üç ayında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) 5,2 milyon tonu neft ixrac edib. Bu, 2023-cü ilin ilk rübü ilə müqayisədə 0,6 milyon ton və ya 10,34 % azdır.

Ötən rüb Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft ixracını 224 min ton və ya 38,9 % artıraraq 800 min tona çatdırıb.

Qeyd edək ki, Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub.

Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.