Bu il SOCAR neft ixracını 1,9 dəfə artırıb

Energetika
  • 12 may, 2023
  • 10:32
Bu il SOCAR neft ixracını 1,9 dəfə artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda hasil edilən neftin (kondensatla birlikdə) 8,5 milyon tonu ixraca nəql olunub.

"Report" xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 4 ayı üzrə operativ məlumatlarında deyilir.

Bu, 2022-ci ilin eyni dövrün göstəriciləri ilə müqayisədə 5,6 %, yəni 0,5 milyon ton azdır.

İxrac olunan neftin 7,6 milyon tondan bir qədər çox hissəsi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) payına düşür ki, bu da illik müqayisədə 0,9 milyon ton və ya 10,6 % azdır.

Neft ixracının 847 min tonu isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşüb. Bu, 2022-ci ilin 4 ayı ilə müqayisədə 399 min ton, yəni 1,9 dəfə çoxdur.

Qeyd edək ki, Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub.

Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.