2021-ci ildə "Neftçala", “Xıllı” və "Dürovdağ-Babazənən" neft yataqlarından 0,22 milyon barel neft hasil ediləcəyi proqnozlaşdırılır.
“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2021-ci il üzrə büdcəsinə verdiyi rəydə deyilir.
Məlumata görə, 2020-ci ildə yataqdan 0,21 milyon barel neft hasil olunması proqnozlaşdırılıb ki, bu da 2021-ci ilin proqnozu ilə müqayisədə 4,8 % azdır.
2019-cu ildə isə bu göstərici 0,23 milyon barel təşkil edib ki, bu da bu ilin proqnoz göstəricisindən 4,34 % çoxdur.
Qeyd edək ki, "Azərbaycan Respublikasında "Neftçala", "Dürovdağ-Babazənən" neft yataqlarının, həmçinin "Muğan" monoklinalının cənub-qərb yamacının daxil olduğu blokun bərpası, işlənilməsi və hasilatın pay bölgüsü haqqında" Saziş Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "Global Energy" Azərbaycan şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında imzalanıb. Operator qismində "Neftechala Operating Company" fəaliyyət göstərir. Saziş 5 oktyabr 2009-cu il tarixində qüvvəyə minib. Saziş sahəsi 2707,7 km2 təşkil edir.
Neft-qaz əməliyyatları "Neftçala", "Xıllı", "Dürovdağ" yataqlarında həyata keçirilir. Bundan əlavə, kontrakt sahəsinə "Babazanan", "Azadkənd", "Nəsimkənd", "Həşimxanlı", "Sərxanbəyli", "Muğanlı", "Orta Muğan" və "Şorsulu" kəşfiyyat strukturları da daxildir. Bütün kontrakt sahəsi Neftçala və Salyan rayonlarının hüdudlarında yerləşir. Hazırda 2 neft-qaz ("Xıllı" və "Neftçala") və 1 qaz yatağı ("Dürovdağ") işlənmədədir.
"Dürovdağ" yatağı Şirvan ovalığında, Kür çayının sol tərəfində yerləşir. "Neftçala" yatağı 1931-ci ildə, "Xıllı" - 1954, "Dürovdağ" isə 1978-ci ildə sənaye işlənməsinə cəlb olunub.