Bu il Azərbaycandan İtaliyaya 9,6 milyard kubmetr qaz tədarükü proqnozlaşdırılır.
“Report” Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Pərviz Şahbazov Milanda İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratini ilə görüşündə bildirib.
Görüşdə enerji sahəsində və Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), İtaliyanın G7-yə sədrliyi çərçivəsində əməkdaşlığın geniş spektri müzakirə edilib. Azərbaycanla İtaliya arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından və əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya ilə münasibətlərin hərtərəfli inkişafına önəm verdiyi vurğulanıb. İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olması, indiyə kimi Avropaya tədarük edilmiş 37,9 milyard kubmetr qazın 30 milyard kubmetrdən çoxunun bu ölkəyə nəqli və İtaliyanın qazla təchizatında Azərbaycanın ilk üçlükdə qərarlaşması müsbət məqamlar kimi qeyd olunub.
Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) 2026-cı ildən ötürücülük gücünün 1,2 milyard kubmetr genişlənməsinin isə enerji təhlükəsizliyi və dekarbonizasiya məsələlərində əməkdaşlığımızı gücləndirəcəyi bildirilib. “Ansaldo Energia” şirkəti ilə hazırda inşa olunan 1 280 MVt-lıq elektrik stansiyasının və azad edilmiş ərazilərdə yarımstansiyaların avadanlıqlarla təchizatı üzrə əməkdaşlıqdan da bəhs olunub və bərpa olunan enerjinin tədarükü perspektivləri dəyərləndirilib.
İtaliyanın “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” vasitəsilə Azərbaycandan “yaşıl enerji”nin təchiz edilməsinə marağı ifadə edilib.