Bu il Azərbaycanda qaz hasilatı 4 % artıb
- 16 mart, 2023
- 11:18
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 8 milyard kubmetr təbii qaz hasil edilib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-fevral ayları üzrə operativ məlumatlarında deyilir.
Qaz hasilatı 2022-ci ilin müvafiq dövrünə nisbətən 4 %, yəni 319 milyon kubmetr artıb.
Bildirilir ki, qazın 2,2 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 4,4 milyard kubmetri “Şahdəniz”dən, 1,4 milyard kubmetri Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə hasil olunub.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda təbii qaz hasilatı 47,2 milyard kubmetr, ixracı isə 24,5 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır.
Xatırladaq ki, “Şahdəniz” yatağı 1 trilyon kubmetrdən çox qaz və 2 milyard barel kondensat ehtiyatı ilə dünyanın ən böyük yataqlarından biridir.
“Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
AÇG blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.