Bu il Azərbaycanda neft emalı 9 %-dək artıb

Energetika
  • 13 iyun, 2023
  • 10:53
Bu il Azərbaycanda neft emalı 9 %-dək artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda neftin emalı 2,5 milyon ton təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-may ayları üzrə operativ məlumatlarında deyilir.

Məlumata görə, neftin emalı ötən ilin müvafiq dövrünə nisbətən 373 min ton və ya 8,7 % çoxdur.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.