Bu il Azərbaycan neft ixracını 6 %-ə yaxın azaldıb

Energetika
  • 10 sentyabr, 2024
  • 09:27
Bu il Azərbaycan neft ixracını 6 %-ə yaxın azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan ümumilikdə xarici ölkələrə 16 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü ilin 8 ayı üzrə açıqladığı operativ məlumatlarında deyilir.

Bildirilir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyon ton və ya 5,9 % azdır.

Bu ilin ilk 8 ayında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) 13,9 milyon tonu neft ixrac edib. Bu, 2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 1,1 milyon ton və ya 7,3 % azdır.

Ötən 8 ay ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft ixracını 0,1 milyon ton və ya 5 % artıraraq 2,1 milyon tona çatdırıb.

Qeyd edək ki, Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub.

Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.