Bu il Azərbaycan neft bitumu ixracından gəlirlərini 24 %-dək azaldıb
- 17 noyabr, 2022
- 06:01
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan 88 min 997,66 ton neft bitumu ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi xəbərə görə, bu həcmdə neft bitumunun dəyəri 25 milyon 435,58 min ABŞ dolları təşkil edib.
Bu, 2021-ci il ilin yanvar-oktyabr ayları ilə müqayisədə müvafiq olaraq 41,3 % və 23,6 % azdır.
Hesabat dövründə neft bitumu ölkənin ümumi ixracdakı payı 0,07 % olub.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 46 milyard 299 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 10 aylıq xarici ticarət dövriyyəsinin 34 milyard 711 milyon ABŞ dolları ixracın, 11 milyard 588 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.