Bu il Azərbaycan metanol ixracını 10 %-dən çox azaldıb
- 18 may, 2023
- 07:25
Bu ilin yanvar-aprel aylarında Azərbaycan, gömrük bəyannamələrinə əsasən, 140 min 635,3 ton metanol (metil spirti) ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə metanolun dəyəri 30 milyon 951,82 min ABŞ dolları təşkil edib.
Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,5 % və 38,8 % azdır.
Metanolun qeyri-neft sektoru üzrə ixracda payı 2,61 % olub, ilkin formalarda metanolun ölkənin ümumi ixracındakı payı isə 0,25 % olub.
Bu ilin 4 ayında Azərbaycan xarici ölkələrlə 17 milyard 883 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 12 milyard 585 milyon ABŞ dolları ixracın, 5 milyard 298 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Qeyd edək ki, metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.