Bu il Azərbaycan Avropaya qaz ixracını 41 % artırıb

Energetika
  • 15 dekabr, 2022
  • 09:04
Bu il Azərbaycan Avropaya qaz ixracını 41 % artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan Avropaya 10,3 milyard kubmetr təbii qaz ixrac edilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-noyabr ayları üzrə operativ məlumatlarında deyilir.

Bildirilir ki, bu, ötən ilin 11 aylıq dövrü ilə müqayisədə 3 milyard kubmetr və ya 41,1 % çoxdur.

Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə qaz satışı 20,1 milyard kubmetr təşkil edib. Bu, ötən ilin 11 ayı ilə müqayisədə 19 % çoxdur.

Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr qaz təşkil edir.

TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.

Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti